Azərbaycan, Bakı, 2 mart / Trend müxbir İ.İsabalayeva/
Azərbaycanda 12 illik dərs sisteminə keçiləcəyi təqdirdə orta təhsilin 5 yaşdan başlaması nəzərdə tutulmayıb. Bunu cümə günü Trend-ə Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib.
Onun sözlərinə görə, hazırda ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər), tam orta təhsil (X-XI siniflər) olmaqla, ümumi təhsilin müddəti 11 il müəyyənləşdirilib. Ölkədə 9 illik ümumi orta təhsil icbaridir. Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili nəzərdə tutulub.
Əhmədov deyib ki, 12 illik ümumi təhsilə keçidi hazırkı müddətin mexaniki surətdə 1 il artırılması kimi başa düşmək düzgün deyil.
"Bu, çox mürəkkəb, ciddi hazırlıq və gərgin əmək tələb edən prosesdir. İlk növbədə, təhsil rəhbərləri, pedaqoji kollektivlər və valideynlər psixoloji cəhətdən həmin prosesə hazır olmalıdırlar, bu məqsədlə geniş maarifləndirmə işləri görülməlidir. Eyni zamanda, ümumtəhsil məktəblərinin tədris planları, təhsil proqramları (kurrikulumlar), dərsliklər yenidən işlənməli, müvafiq normativ-hüquqi sənədlərdə dəyişikliklər edilməlidir", - Əhmədov əlavə edib.
O deyib ki, inkişaf etmiş əksər dövlətlərdə (ABŞ, İngiltərə, Almaniya, Yaponiya, Finlandiya, Hollandiya, İsveç və s.) ümumi təhsilin müddəti 12 il və daha artıqdır. Hazırda dünyada çox az ölkə var ki, bunlarda həmin müddət 10 (11) il təşkil edir. 12 (13) illik ümumi təhsilin tətbiq olunduğu ölkələrdə təhsil səviyyələri üzrə müddət müxtəlif cür modelləşdirilir. Bəziləri ibtidai, digərləri isə ümumi orta təhsilin müddətinə önəm verirlər.
Nazirlik rəsmisinin sözlərinə görə, uzun müddətdir ki, Azərbaycanın 11 illik ümumi təhsilində 4+5+2 modeli tətbiq edilir. "Təhsil haqqında" qanuna görə, 9 illik ümumi orta təhsil icbari elan olunduğundan 12 illik təhsilə keçid zamanı məhz ümumi orta təhsil səviyyəsinin müddətinin 1 il artırılaraq 10 il müəyyən edilməsi və beləliklə də 12 illik ümumi təhsilin 4+6+2 şəklində modelləşdirilməsi daha məqsədəuyğundur. Bu, gələcəkdə yalnız icbari ümumi orta təhsil almaqla kifayətlənən şagirdlərin fənlər üzrə bilik və bacarıqlara yiyələnməsinin səmərəliliyini xeyli artıra bilər.
Əhmədov hesab edir ki, 12 illik ümumi təhsilə keçid nəticəsində tədris proqramları nisbətən yüngülləşəcək, şagirdlərin fənlər üzrə həftəlik təlim yükü azalacaq. Təhsil proqramlarının yüngülləşməsi ilə tədris prosesində psixoloji gərginlik minimuma enəcək və bu amil şagirdlərin sağlamlığına, təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək. Proqram materiallarının əsasən sinifdə mənimsədilməsi, ev tapşırıqlarının həcminin nisbətən azalması, şagirdlərin inkişafetdirici tədbirlərə cəlbi üçün imkanlar genişlənəcək. 12 illik orta təhsil sisteminə keçiləcəyi təqdirdə müəllimlər üçün əlavə dərs saatları yaranacaq. Bu da öz növbəsində müəllimlərin maddi vəziyyətinin yaxşılaşması ilə nəticələnəcək. 11-12-ci sinifləri əhatə edəcək tam orta təhsil səviyyəsində təhsil şagirdlərin meyl və marağı əsasında müxtəlif təmayüllər üzrə xüsusi tədris planları və təhsil proqramları (kurrikulumlar) tətbiq edilməklə təşkil olunacaq ki, bu da ali məktəblərə hazırlıq üçün hərtərəfli şərait yaradacaq və repetitorluğun qarşısını xeyli alacaq.