Azərbaycan, Bakı, 31 mart /Trend/
Bəzi KİV-də Abşeron rayon prokurorunun sabiq köməkçisi Tofiq Ağacanovun prokurorluq orqanlarından xaric olunması ilə bağlı əmrin surətinin Baş Prokurorluq tərəfindən ona verilməməsi ilə əlaqədar həqiqəti əks etdirməyən informasiyalar dərc edilib. Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda deyilir.
"Göstərilənlərlə əlaqədar bildiririk ki, Ağacanov vəzifəsi ilə bir araya sığmayan və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə, vətəndaşlıq və xidməti borcunu yerinə yetirməməklə, böyük ictimai əks-səda doğurmuş və ağır nəticələrə səbəb olan 2009-cu il aprelin 30-da Dövlət Neft Akademiyasında 12 nəfəri öldürən və 13 nəfərə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirən qohumluq münasibətlərində olduğu Fərda Qədirovla əlaqədar səlahiyyətli orqanlara onun şəxsiyyəti ilə bağlı zəruri məlumatların verilməsini təmin etmədiyinə, həmçinin istintaqa müvafiq köməklik göstərmədiyinə görə Baş Prokurorluq üzrə 1 iyun 2009-cu il tarixli əmrlə prokurorluq orqanlarından xaric edilmişdir. Həmin əmr elan olunmaqla, surəti Ağacanova göndərilmişdir", - məlumatda deyilir.
Qeyd olunur ki, bundan başqa, 24 dekabr 2009-cu il tarixdə müraciəti əsasında əmək kitabçası Baş Prokurorluğun Kadrlar İdarəsi tərəfindən imza etdirilməklə Ağacanova təqdim olunub və bu zaman əmrin surətinin verilib-verilməməsi ilə əlaqədar Ağacanov tərəfindən məsələ qaldırılmayıb.