Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xidmətində olan turizm, sanatoriya və istirahət ocaqlarının 70 faizində 8500-ə yaxın məcburi köçkün və qaçqın yaşayır. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.
Onun sözlərinə görə, hazırda həmkarlar ittifaqlarının 1 kurort birliyi, 5 sanatoriya, 1 müalicə pansionatı və istirahət evi fəaliyyət göstərir. Bu müəssisələrin 12600 çarpayı fondundan yalnız 2250-si sanatoriya-kurort müalicəsi və istirahəti üçün istifadə edilir.
Mehbaliyev deyib ki, "Şuşa" və "İstisu" sanatoriyaları erməni təcavüzkarları tərəfindən işğal olunmuş ərazilərdə qalıb. Azərbaycan həmkarlar ittifaqlarının "Kurort" Səhmdar Cəmiyyətinə 2,2 milyard manatdan artıq ziyan dəyib. Cəmiyyət hazırda çarpayı fondunun yalnız 20 faizindən istifadə edir.
"Təbii ki, belə bir vəziyyət daha çox işçinin istirahət və müalicələrinə mənfi təsir etmiş olur. Bunu nəzərə alan sahə həmkarlar ittifaqları çıxış yolunu maliyyə vəsaitlərindən qənaət hesabına öz işçiləri üçün istirahət zonaları yaradılmasında görürlər. Son illər Rabitə, Dəmiryolu və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK-ləri Nabranda öz işçiləri üçün istirahət mərkəzləri tikib istifadəyə veriblər. Hazırda bu mərkəzlərdə yüzlərlə işçi istirahət edir. Təhsil İşçiləri Azad HİRK-nin tikintisinə başladığı istirahət və müalicə mərkəzini bu yaxınlarda istifadəyə verəcəyi gözlənilir", - Mehbaliyev qeyd edib.