...

Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

Cəmiyyət Materials 21 İyul 2012 17:52 (UTC +04:00)
İyulun 21-də Bakı Şəhər Baş Polis İdarəsində 2012-ci ilin 1-ci yarısının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

Azərbaycan, Bakı, 21 iyul /Trend/

İyulun 21-də Bakı Şəhər Baş Polis İdarəsində 2012-ci ilin 1-ci yarısının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

İdarədən Trend-ə verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Bakı Şəhər BPİ-nin rəisi, polis general-mayoru Rafiq Abbasov bildirmişdir ki, yola saldığımız 2012-ci ilin ilk 6 ayı respublikamız üçün əlamətdar olmuşdur.

Bakı şəhər BPİ-nin rəis müavini, polis polkovniki Səhlab Bağırov 2012-ci ilin birinci yarısında paytaxtda cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun qorunması, ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətin digər sahələrində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, hesabat dövründə Bakı şəhərində DİN və Prokurorluq üzrə ümumən 5.243 cinayət hadisəsi qeydə alınmış, onlardan 4.057-nin, başqa sözlə 80,6%-nin açılması təmin olunmuş, həmin cinayətlərin 85,9%-i (4.502) az ağır və böyük ictimai təhlükə törətməyən, 14,1%-i (741) isə ağır və xüsusilə ağır növ cinayətlər olmuşdur.

Qabaqlayıcı profilaktiki tədbirlərin düzgün təşkili və aparılması sayəsində ötən ilin eyni dövrü ilə müqayisədə bütövlükdə ümumi cinayətlər 337 fakt (6%), o cümlədən şəxsiyyət əleyhinə törədilənlər 20 fakt (1,3%), mülkiyyət əleyhinə cinayətlər 222 fakt (9,9%), ictimai qayda və dövlət hakimiyyəti əleyhinə olan cinayətlər müvafiq olaraq 54 fakt (3,5%) və 30 fakt (16,2%), nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətləri 36 fakt (9,2%) azalmış, cinayətlərin strukturunda qəsdən adam öldürmələr və ona cəhdlər sabit qalmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin açılması 6,2%, ağır və xüsusilə ağır növ cinayətlərin açılması isə 8,8% yaxşılaşmış, şəxsiyyət əleyhinə törədilmiş 1.566 cinayətdən 1.445-nin, başqa sözlə 95,9%-nin, o cümlədən qeydə alınmış 32 qəsdən adamöldürmə cinayətlərinin 91,4%-nin, 14 adamöldürməyə cəhdlərin hamısının açılması təmin olunmuşdur.

Bunula yanaşı cari ilin 6 ayı ərzində qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılması da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6% yaxşılaşmış, həmçinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə cinayətlərinin açılması 3,4%, soyğunçuluqlar 10,4% quldurluqlar 0,8%, dövlət və ictimai bələdiyyə əmlakı oğurluğu 7,9%, xüsusi əmlak oğurluğu 13,8% , mənzil oğurluqları 8,3% , nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 3,6%, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri 7,4% yüksəlmiş, ötən ilin müavfiq dövrü ilə müqayisədə 224 cinayətin üstü çox açılmış, bu müddətdə 12 soyğunçuluq və quldurluq cinayəti törətmiş 25 nəfərdən ibarət 12 qrup, eləcə də 108 mənzil oğurluğu cinayəti törətmiş 55 nəfərdən ibarət 18 qrup ifşa edilmiş, keçmiş illərdən bağlı qalmış 128 cinayətin üstü açılmışdır.

Axtarışda olan təqsirləndirilənlərin axtarılması da fəal surətdə davam etdirilmiş, ötən ilin müvafIq dövrü ilə müqayisədə axtarışda olanların tutulması 5,9%, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların tutulması 12,5%-dək yaxşılaşmış, 715 təqsirləndirilən şəxslərdən 426-nın, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 256 nəfərdən isə 110-nun tutulması təmin olunmuş, axtarış işlərinin sayı 19, qalıq isə 51 fakt azalmışdır. Tutulmuş 426 nəfərdən 79-u əvvəlki illərdən axtarışda olan şəxslər olmuşdur.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə də Baş Idarənin Narkotiklərlə Mübarizə idarəsi və ərazi polis orqanları tərəfindən xeyli müsbət işlər görülmüş, 2011-ci ilin 1-ci yarımilliyi ilə müqayisədə qanunsuz dövriyyədən 675 fakt üzrə 17,5 kiloqram çox -146 kiloqram 97,5 qram narkotIk vasitə çıxarılmış, belə qanunsuz fəaliyyətlə məşğul olan 548 nəfər şəxs cinayət məsuliyyətinə cəlb olunmuş, 30 nəfərdən ibarət 24 qrupdan 38 kq-dan çox müxtəlif növ narkotik vasitə götürülmüşdür.

Paytaxtda yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində qabaqlayıcı profilaktiki tədbirlər ön plana çəkilmiş, yol hərəkəti qaydalarının pozulması hallarına qarşı mübarizə gücləndirilmiş, nəticədə qeyd alınmış hadisələrin sayı 73 fakt (576-dan 503-ə kimi),hadisələr nəticəsində həlak olanların sayı 20 fakt (151-dən 131-ə kimi), yaralananların sayı isə 38 fakt (596-dan 558-ə kimi) azalmış, qeydə alınmış 132 ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin 96,3%-nin açılması təmin olunmuş, bütövlükdə 166.120 yol hərəkəti qayda pozuntusu (ötən il 175.490) aşkar edilmişdir.

Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılmış, qanunsuz keçirilməsinə cəhd göstərilən aksiyaların qarşısı alınmış, şəhər miqyasında keçirilən kütləvi tədbirlərdə, habelə yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı keçirilən mərasimlərdə nümunəvi ictimai asayiş təmin olunmuşdur.

Hesabat dövründə kadrların seçilib yerləşdirilməsi, təqdimatlara vaxtında baxılıb həll edilməsi, polis əməkdaşlarının fiziki, döyüş və peşə hazırlığı səviyyələrinin, xüsusən Attestasiya Komissiyasının fəaliyyət keyfiyyətinin artırılması məsələləri daima nəzarətdə saxlanılmışdır.

İstintaq işlərinin və təhqiqatın aparılması, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi, onların ərizə və müraciətlərinə baxılması, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müəyyən işlər görülmüş, qarşıya qoyulmuş vəzifələr bütövlükdə təmin edilmişdir.

Bakı Polis Qarnizonunun bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış etmiş, mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz vermişlər.

Bakı şəhər BPİ-nin rəisi Rafiq Abbasov əməliyyat müşavirəsinə yekun vuraraq nöqsanların aradan qaldırılması istiqamətində öz tapşırıq və tövsiyələrini vermişdir. Baş İdarənin rəisi daxili işlər nazirini və ölkə rəhbərliyini əmin etmişdir ki, Bakı polisinin şəxsi heyəti bundan sonra da cinayətkarlığa qarşı mübarizəni əzmlə davam etdirəcək, əmin-amanlığın, ictimai asayişin təmini istiqamətində qarşıya qoyulan bütün vəzifələri, verilən göstərişləri layiqincə yerinə yetirəcək, paytaxtın sabitliyinin və təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaqdır.

Xəbər lenti

Xəbər lenti