...

Böyük Qafqazda daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi layihəsinin təqdimatı olub

Cəmiyyət Materials 1 Avqust 2012 18:40 (UTC +04:00)
"Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən, su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi" layihəsi çərivəsində çərşənbə günü Bakıda beynəlxalq seminar keçirilib.
Böyük Qafqazda daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi layihəsinin təqdimatı olub

Azərbaycan, Bakı, 1 avqust /Trend/

"Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən, su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi" layihəsi çərivəsində çərşənbə günü Bakıda beynəlxalq seminar keçirilib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, seminarın işində dövlət rəsmiləri, beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Seminarda fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisinin müavini Nato Alxazişvili, BMT-nin İnkişaf Proqramının proqramlar rəhbəri Məzahir Əfəndiyev və başqaları çıxış edərək layihə çərçivəsində görülən işlərdən, onun əhəmiyyətindən danışıblar.

Bildirilib ki, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin birgə həyata keçirdiyi "Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi" layihəsinin məqsədi su və daşqınlar üzrə idarəetməni təkmilləşdirmək, Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının iqlim dəyişikliyinin doğurduğu su çatışmazlığı və daşqın təhlükələrinə qarşı hazırlığını artırmaqdır.

Layihə üçün təklif olunan ərazi Böyük Qafqaz dağlarının cənub yamacını əhatə etməklə bu regionun şimal-qərbindən, Balakən və Zaqatala rayonlarının ərazisində, İsmayıllı və Qəbələ rayonları yaxınlığında cənub-şərqə doğru uzanır. Layihə ümumilikdə 22 min kvadratkilometrdən çox ərazini əhatə edir. Bütöv ərazi isə Azərbaycanın iki əsas çayından biri olan Kür çayı hövzəsinin bir hissəsidir.

Xüsusi vurğulanıb ki, Azərbaycan hökuməti fövqəladə halların, təbii fəlakətlərin qarşısının alınması istiqamətində çox böyük işlər görür. Bu sahədə ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı sayəsində fəlakətlərin vurduğu ziyanın minimuma endirilməsi, ən əsası isə insan həyatının qorunması istiqamətində xeyli nailiyyətlər əldə olunub.

Sonda layihənin təqdimatı olub, müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti