Azərbaycan, Bakı, 13 noyabr / Trend müxbir V.Javoronkova/
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Bakı Dövlət Universiteti (BDU) 2013-2014 tədris ili üçün BDU-nun hüquq fakültəsində dəniz və enerji hüququ üzrə yeni magistr proqramının hazırlanmasında əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.
Trend-in məlumatına görə, memorandumu USAİD-in Azərbaycandakı missiyasının direktoru Maykl Qrin və BDU-nun rektoru Abel Məhərrəmov imzalayıblar.
Anlaşma memorandumuna əsasən, tərəflər yeni magistr proqramının hazırlanması və həyata keçirilməsi, proqram üzrə yeni fənlərin və tədris planının tərtibi, fakültə üzvləri üçün tədris planının hazırlanması və tədris metodologiyasından istifadə üzrə təlimlərin keçirilməsi istiqamətində birgə əməkdaşlıq edəcəklər. Tərəflər, həmçinin yeni magistr proqramı üzrə dərs vəsaitlərindən və digər müvafiq materiallardan ibarət kitabxana yaradacaqlar.
Bu proqram ikiillik olacaq, tam yeni fənlərdən ibarət olaraq hüququn Azərbaycana daha çox aidiyyəti olan sahələrinə xüsusi diqqət yetirəcək.
İlk tələbə qəbulu 2013-cü ilin payızına planlaşdırılır. Başlanğıc üçün tədris ingilis dilində aparılacaq.
BDU-ya texniki dəstək göstərilməsi üçün USAİD tərəfdaşı olan Amerika Hüquqşünaslar Assosiasiyasına (ABA) qrant ayırır. Yeni proqramın hazırlanması zamanı ABA və BDU ABŞ-ın Tuleyn Universitetinin hüquq fakültəsi ilə əməkdaşlıq edəcək.
İmzalama mərasimində iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar qeyd edib ki, bu, ABŞ hökuməti ilə Azərbaycan hökumətinin hüquq təhsilinin inkişafı sahəsində növbəti birgə əməkdaşlığıdır.
BDU-nun rektoru Abel Məhərrəmov Morninqstara və xüsusilə USAİD-ə təşəkkürünü bildirib. "Biz hüquq təhsilinin keyfiyyətinin yüksəldilməsi sahəsində səylərinizi dəyərləndiririk və USAİD, ABA, Tuleyn Universiteti ilə birgə əməkdaşlığımız çərçivəsində BDU-da yeni və güclü dəniz və enerji hüququ üzrə magistr proqramının qurulmasına ümid edirik", - o deyib.