Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İsabalayeva/
Nəqliyyat Nazirliyi "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Əfqanıstanın nümayəndə heyəti rəhbəri Xan Can Alokozaini qəbul edib.
"Azəryolservis" Açıq Səhmdar Cəmiyyətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Cavid Qurbanov nümayəndə heyətinə son illər Azərbaycanın inkişafı, əldə edilən uğurlar barədə məlumat verib. Bildirilib ki, ölkə prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan lider dövlətlərdən birinə çevrilib. Bu isə iqtisadiyyatın bütün sahələrində, o cümlədən nəqliyyat-yol kompleksinin inkişafında böyük irəliləyişlərə səbəb olub. Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlıqdan danışan sədr Əfqanıstan ilə əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Azərbaycanda reallaşdırılan layihələrdən və yenidənqurma işlərinin aparılmasından danışan Əfqanıstanın nümayəndə heyətinin rəhbəri Xan Can Alokozai iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu diqqətə çatdırıb.
Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşulmaq, Əfqanıstanda mərmər istehsalının potensialı və digər məsələlər ətrafında müzakirələr aparılıb.