Azərbaycan, Bakı, 31 may /Trend/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam yayımı sahəsində aparılan monitorinqlər zamanı "TREKA-2009" MMC-yə məxsus www.bioxen.az saytında test nəticələrinə istinadən yayımlanan reklamda "Bioxen" şampun və serumundan istifadənin saç tökülməsinin qarşısının alımasına və yeni saç əmələ gəlməsinə səbəb olması barədə məlumat verildiyi müəyyən edilmişdir. Bu barədə cümə günü nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib.
Aparılan araşdırmalar zamanı isə əslində testdə "Bioxen" şampun və serumunun yalnız saç tökülməsinə qarşı müalicəyə ehtiyacı olan, saç və saç dərisində heç bir dəyişiklik olmayan kişilər üzərində 9 ay ərzində bu şampundan həftədə ən azı 3 dəfə, serumundan isə gündə 2 dəfə istifadə edilməklə keçirilmiş sınaqların nəticələrinin əks olunduğu müəyyənləşdirilmişdir.
Lakin "TREKA-2009" MMC tərəfindən www.bioxen.az saytında yayımlanan reklamda testdə istehlakçılar üçün vacib olan məlumatların əhəmiyyətli hissəsi gizlədilmiş, bu məhsullardan cəmi bir dəfə istifadə etməklə müsbət nəticə əldə olunduğu fikri formalaşdırılmaqla haqsız reklama yol verildiyi aşkar olunmuşdur.
Qanunsuz reklam üsullarından istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə "TREKA-2009" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.