...

Dilçilik İnstitutunda yeni şöbələr yaradılır

Cəmiyyət Materials 24 İyul 2013 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı yaradılmış İşçi qrupunun növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda "Qloballaşma dövrünün tələblərinə uyğun olaraq AMEA Dilçilik İnstitutunun strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsinin təmin edilməsi", "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi çərçivəsində özəl televiziyaların monitorinqinin nəticələri və digər məsələlər müzakirə olunub.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli deyib ki, rəhbərlik etdiyi qurumun nəzdində "Müasir Azərbaycan dili", "Nəzəri dilçilik", "Tətbiqi və eksperimental dilçilik", "Türk dilləri", "Hind-Avropa dilçiliyi", "Dil əlaqələri", "Qədim dillər", "Müasir Azərbaycan dilində gedən proseslər", "Şərq, Qafqaz və aborigenlər", "Kommunitiv və semionitiv" şöbələrinin yaradılması nəzərdə tutulub: "Bu şöbələr axırıncı variant deyil, sadəcə ilkin təklifdir və şərti xarakter daşıyır. Hazırda institutda 10 şöbə fəaliyyət göstərir. Nəzərdə tutulandan artıq şöbələrin yaradılmsına nə institutun imkanı, nə də binası var".

Veysəlli onu da əlavə edib ki, son illər Dilçilik İnstitutunun maddi-texniki bazası möhkəmləndirilib və bu istiqamətdə işlər gedir.

İclasda təkliflərə münasibət bildirən professor Tofiq Hacıyev deyib ki, layihədəki bir sıra şöbələr birləşdirilməlidir. Onun sözlərinə görə, yeni yaradılacaq bəzi şöbələrdə çalışacaq mütəxəsis yoxdu: "Bir sıra şöbələrin birlədirilməsinə ehtiyac var. Qədim dillərlə bağlı mütəxəsis yoxdu. Biz isə mütəxəsisi olmayan şöbə yaradırıq. İndidən buna nə ehtiyac var?"

Eyni zamanda Hacıyev qeyd edib ki, bəzi şöbələr sektor kimi adlana bilər, kadr olanda isə sektor şöbəyə çevrilə bilər.

Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Bölməsinin baş mütəxəssisi Həbib Zərbəliyev isə deyib ki, 3 nəfəri qədim latın və yunan dillərinin öyrənilməsi üçün xaricə göndərilməsi nəzrədə tutulub. Onun sözlərinə görə, qədim dillərin öyrənilməsi ölkə üçün çox vacibdir: "Bəzi mətbuatda qədim şumerlərlərlə bağlı yanlış məlumatlar gedir. Ona görə də qədim dilləri bilən mütəxəsisi olmalıdır ki, həmin yazıları yazanlara cavab versin".

İclasda o da bildirilib ki, təkliflər nəzərdən keçiriləcək və ümumiləşdirilərək nəzərə alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti