...

Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi ilə bağlı Konstitusiya Məhkəməsi qərar qəbul edib

Cəmiyyət Materials 14 Avqust 2013 10:02 (UTC +04:00)
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciəti üzrə qərar qəbul edilib.
Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi ilə bağlı Konstitusiya Məhkəməsi qərar qəbul edib

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciəti üzrə qərar qəbul edilib.

Konstitusiya Məhkəməsindən Trend-ə daxil olan məlumatda qeyd olunur ki, Şirvan Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin (bundan sonra - CM) 56.1.1 və 56.1.2-ci maddələrinin, həmin Məcəllənin 66.1 və 66.2-ci maddələrinin müddəaları baxımından şərh olunmasını xahiş etmişdir.

Müraciətdə göstərilir ki, təqsirləndirilən şəxs Hüseynov Səlimxan Aram oğlu Saatlı rayon məhkəməsinin 7 fevral 2013-cü il tarixli hökmü ilə CM-in 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib, CM-in 263.2-ci maddəsi ilə 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 264-cü maddəsi ilə isə 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla S.Hüseynov 3 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilmişdir.

Məhkum və onun müdafiəçisi hökmdən apellyasiya şikayəti verərək, S.Hüseynov barəsində təyin edilmiş cəzanın CM-in 62-ci maddəsi tətbiq edilərək məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsinə dair yeni hökmün çıxarılmasını xahiş etmişlər.

Müraciətdə göstərilir ki, CM-in 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində, həmin Məcəllənin 56.1.2-ci maddəsində isə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində təyin edilmiş cəzanın çəkilməsi müəyyən edilir.

Müraciət edən hesab edir ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edən CM-in 56-cı maddəsində cinayətlərin (hökmlərin) cəmi qaydasında ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ilə qədər azadlıqdan məhrum etməyə və həmçinin böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə qəti cəza təyin edilərkən cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi tənzimlənmədiyindən hüquqtətbiqetmə təcrübəsində qeyri-müəyyənlik yaranmışdır.

Müraciətə baxan Konstitusiya Məhkəməsi qərar qəbul edib. Qərarda qeyd olunur ki, Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq:

- şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir;

- cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti