Azərbaycan, Bakı, 26 avqust / Trend, müxbir S.Əhmədova /
Suriyada müharibənin artıq üç ildir ki, davam etməsi ilə əlaqədar öz doğma vətənlərini tərk etməyə məcbur olan suriyalı uşaqların sayı bir milyona çatıb. Trend-in məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) və UNİCEF-in birgə yaydığı məlumatda deyilir.
"Bir milyon qaçqın uşaq daha bir statistik rəqəm deyil" UNİCEF-in icraçı direktoru Anthony Lake qeyd edib. "Bu evindən və hətta ola bilsin ki, ailəsindən qoparılmış həqiqi bir uşaqdır ki, onun qarşılaşdığı dəhşəti biz sadəcə təsəvvür edə bilərik".
Cənab Lake deyib: "Hamımız bu rüsvayçılığı bölüşməliyik, çünki bu böhranın qurbanlarının vəziyyətini yaxşılaşdırmağa çalışmağımıza baxmayaraq, dünya ictimaiyyəti bu uşaq qarşısındakı öhdəliyini yerinə yetirə bilməyib. Biz durmalı və özümüzdən soruşmalıyıq: Doğrudanmı, biz suriyalı uşaqlar qarşısında yetərsiz olmağa davam edəcəyik?"
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı António Guterres deyib: "Günahsız gələcək nəslin həyatı və rifahı təhlükə altındadır. Suriyalı gənclər öz evlərini, ailələrini və gələcəklərini itirirlər. Təhlükəsizlikləri üçün sərhədi keçsələr belə, onlar travmalı və depressiv vəziyyətdə olur və gələcəyə ümid üçün bir səbəbə ehtiyac duyurlar".
Hər iki təşkilatdan verilən məlumata görə, Suriyada müharibəsi nəticəsində qaçqın düşmüş əhalinin yarısını uşaqlar təşkil edir. Onların əksəriyyəti Livan, İordaniya, Türkiyə, İraq və Misirdə məskunlaşıblar. Getdikcə daha çox suriyalı Şimali Amerika və Avropaya səfər edir.
Ən son rəqəmlərə görə suriyalı qaçqın uşaqların təxminən 740 mini 11 yaşdan kiçikdir.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatına görə, müharibə nəticəsində Suriyada 7 min uşaq öldürülüb. BMT QAK və UNİCEF hesab edir ki, 2 milyondan çox uşaq Suriya daxilində köçürülüb.
Bir çox uşağın üzləşdiyi fiziki dəyişiklik, qorxu, stress və travma insanların qarşılaşdığı böhranın yalnız bir hissəsini təşkil edir. Hər iki təşkilat qaçqın uşaqların əməyinin istismarı, erkən nikah və cinsi istismar və insan alveri kimi təhlükələrə məruz qala biləcəklərini vurğulayır. Suriyadan İordaniya, Livan və İraqa təkbaşına və ya ailəsi ilə 3500 dən artıq uşaq mühacirət edib.
Münaqişədən əziyyət çəkmiş milyonlarla ailə və uşaqlara dəstək məqsədilə BMT QAK və UNİCEF tərəfindən tarixdə ən böyük humanitar yardım əməliyyatı keçirilmişdir.
Buna misal olaraq qaçqın və qonşu ölkələrin yerli icmalarından 1,3 milyondan uşaq UNİCEF və tərəfdaşlarınin dəstəyilə qızılçaya qarşı peyvənd olunmuşdur. 167 minə yaxın qaçqın uşağa psixoloji yardım göstərilmiş, 118 mindən çox uşağın məktəb və məktəbdən əlavə təhsilinin davam etdirməsi və 222 mindən çox insan su ilə təmin olunub.
BMT QAK 1 milyondan çox usağı qeydiyyatdan keçirərək rəsmi sənədlə təmin edib. Təşkilat mühacirətdə doğulmuş uşaqlara doğum haqqında şəhadətnamə alınmasına yardım etməklə onların vətəndaşsızlıq hallarının qarşısını almışdır. BMT QAK qaçqın ailələri və uşaqlarının təhlükəsiz sığınacaqlarda yaşamasını təmin edir.
Lakin hələ çox işlər görülməlidir - hər iki təşkilat bildirir. Qaçqınların əsas ehtiyaclarını ödəməyə imkan verən 3 milyard ABŞ dollar büdcəli Suriya Regional Qaçqınlara Yardım Planının yalnızca 38% maliyyələşdirilib.
Suriya münaqişəsinin fəsadlarının aradan qaldırılması və qaçqın və yerli icmalardan olan uşaqlara təhsil, səhiyyə və digər vacib xidmətlərin göstərilməsi məqsədilə 5 milyard ABŞ dolları tələb olunur. Təhlükə altında olan qaçqın uşaqların müəyyənləşdirilməsi, onlara və onların yaşadığı yerli icmalara yardım göstərilməsi məqsədilə daha güclü şəbəkənin qurulması üçün daha çox resurs tələb olunur.
Lakin maliyyə yardımı uşaqların ehtiyaclarının yalnız bir hissəsini ödəməyə imkan verir.
Suriya münaqişəsinin siyasi həlli üçün səylərin gücləndirilməsinə ehtiyac var, münaqişə tərəfləri mülki əhalini hədəfə almamalı və uşaqları münaqişəyə cəlb etməməlidir. Uşaqlar və ailələri Suriyada təhlükəsizlikdə yaşaya bilməli və təhlükəsizliklərini təmin etmək məqsədilə mühacirət edə bilmələri üçün sərhədlər açıq olmalıdır.
Hər iki təşkilat bildirir ki, bu öhdəlikləri yerinə yetirə bilməyənlər beynəlxalq humanitar hüquq çərçivəsində hərəkətlərinə görə cavabdehlik daşımalıdırlar.
UNICEF körpələrdən yeniyetmələrə qədər bütün uşaqların yaşaması və böyüməsinə kömək etmək məqsədilə dünyanın 190-dan çox ölkəsində və ərazisində fəaliyyət göstərir. İnkişaf etməkdə olan ölkələrin ən böyük peyvənd təchizatçısı olan UNICEF uşaqların sağlamlığı və qidalanması, təmiz su və sanitariya, bütün qız və oğlanlar üçün keyfiyyətli əsas təhsil və uşaqların zorakılıq, istismar və QİÇS-dən qorunmasını dəstəkləyir. UNICEF tamamilə fərdi şəxslərin, şirkətlərin, fondların və dövlətlərin ayırdığı könüllü ianələr vasitəsilə maliyyələşir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT-nin Qaçqınlar Agentliyi) 14 dekabr 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən yaradılmışdır. Qaçqınların müdafiəsi və dünya üzrə qaçqınların problemlərinin həll olunması məqsədilə beynəlxalq fəaliyyətin idarəolunması və əlaqələndirilməsi BMT QAK-ın məsuliyyəti altındadır. BMT QAK-ın əsas məqsədi qaçqınların hüquqlarını qorumaq və onların rifahını təmin etməkdir. BMT QAK hər kəsin sığınacaq axtarmaq, ölkəsinə könüllü şəkildə qayıtmaq, yerli inteqrasiya etmək və ya üçüncü ölkəyə məskunlaşmaq hüququ ilə digər ölkədə qaçqın statusu almaq haqqlarını təmin edir. BMT QAK həmçinin vətəndaşlığı olmayan insanlara köməklik göstərir. 60 ildən çoxdur ki, BMT QAK on minlərlə insana həyatını yenidən başlamağa yardım edib.