...

İki ay ərzində DSMF tərəfindən 356 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub

Cəmiyyət Materials 12 Sentyabr 2013 11:35 (UTC +04:00)
Azərbaycanda yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı uğurla tətbiq edilməkdədir.
İki ay ərzində DSMF tərəfindən 356 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Azərbaycanda yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı uğurla tətbiq edilməkdədir. Sistemin tətbiq olunduğu 2 ay ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 356 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub.

DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan Trend-ə bildiriblər ki, təyinat aparılan şəxslərin 135 nəfəri Bakı şəhərində, 221 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub. Əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilib. Eyni zamanda hər bir vətəndaşa bununla bağlı xüsusi rəsmi bildiriş göndərilib.

Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda tətbiq olunan bu sistem pensiya yaşına çatmış hər bir vətəndaşa hər hansı sənəd toplamadan və vaxt itirmədən "190-0 Cağrı Mərkəzi" nə zəng vurub real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanı verir. Bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla fondun orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır.

Azərbaycanda avtomatlaşdırılmış pensiya təyinatı ölkə Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir. Hazırda avtomatlaşdırılmış pensiya təyinatı ilkin olaraq yaşa görə əmək pensiyası növü üzrə aparılmaqdadır. Əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının təyinatının avtomatlaşmış qaydada aparılması isə digər müvafiq dövlət qurumlarında qeyd olunan təyinatlarla bağlı zəruri informasiyaları özündə əks etdirən elektron xidmətlərin yaradılmasından sonra həyata keçiriləcəkdir.

Qeyd edək ki, yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına 11 iyul 2013-cü il tarixdən etibarən başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti