...

Azərbaycan 2016-2019-cu illərdə OANA-ya rəhbərlik edəcək

Cəmiyyət Materials 20 Sentyabr 2013 18:37 (UTC +04:00)
AzərTAc Dövlət Teleqraf Agentliyi Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) Baş Assambleyasının 2016-2019-cu illər müddətinə prezidenti seçilib.
Azərbaycan 2016-2019-cu illərdə OANA-ya rəhbərlik edəcək

Azərbaycan, Bakı, 20 sentyabr/Trend/

AzərTAc Dövlət Teleqraf Agentliyi Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) Baş Assambleyasının 2016-2019-cu illər müddətinə prezidenti seçilib. Bununla da OANA-nın XVI Baş Assambleyasının növbəti iclası 2016-cı ildə Bakıda keçiriləcək.

AzərTAc-ın 2016-2019-cu illər üçün OANA prezidentliyinə keçirilən seçkilərdə rəqibi İranın IRNA dövlət agentliyi olub. AzərTac 14 səs qazandığı halda, IRNA-nın lehinə 9 səs verilib.

AzərTAc-ın baş direktoru Aslan Aslanov səsvermədən sonra təmsil etdiyi agentliyin işinə verilən böyük qiymətə görə OANA üzvlərinə təşəkkür edib. A. Aslanov Bakıda keçiriləcək iclasın ən yüksək səviyyədə təşkil etməyə və göstərilən etimadı doğrultmağa dair vəd verib.

Seçkilər cümə günü Moskvada OANA-nın XV Baş Assambleyasının yekun iclasında baş tutub. Türkiyənin "Anadolu" agentliyi OANA-da özünün üçillik prezidentliyi müddətini Rusiyanın İTAR-TASS agentliyinə (2013-2016-cı illər) ötürüb. İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman təşkilatın baş katibi seçilib. Ardından OANA-nın iclasının iştirakçıları İcraiyyə Bürosunun üzvlərinin 11-dən 13-dək artırılması üzrə səsvermə keçiriblər və onun heyətini seçiblər. AzərTac üçüncü dəfə OANA-nın İcraiyyə Bürosunun üzvü olub. Həmçinin OANA-nın Texniki Komitəsinin üzvlərinin sayı 5-dən 7-dək artırılıb.

Bundan başqa, OANA-nın İcraiyyə Bürosunun növbəti iclasının Bəhreyndə keçirilməsinə dair qərar qəbul edilib. İclasın təşkilatçısı qismində Bəhreynin BNA informasiya agentliyi çıxış edəcək.

Azərbaycanı OANA-nın XV Baş Assambleyasında Trend və AzərTAc informasiya agentlikləri təmsil edib.

1961-ci ildə yaradılan OANA ən böyük media təşkilatıdır və dünyanın 35 ölkəsindən 44 informasiya agentliyini özündə birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti