...

Elsevər Ağayev: Azərbaycanda dərman bazarındakı vəziyyəti qənaətbəxş saymaq olar

Cəmiyyət Materials 1 Oktyabr 2013 17:05 (UTC +04:00)
Bu gün ölkədə dərman bazarındakı mövcud vəziyyəti qənaətbəxş saymaq olar. Trend-in məlumatına görə, bunu Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev onlayn konfrans vasitəsilə ona ünvanlanan sualları cavablandırarkən deyib.
Elsevər Ağayev: Azərbaycanda dərman bazarındakı vəziyyəti qənaətbəxş saymaq olar

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün ölkədə dərman bazarındakı mövcud vəziyyəti qənaətbəxş saymaq olar. Trend-in məlumatına görə, bunu Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev onlayn konfrans vasitəsilə ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazir müavini qeyd edib ki, "Dərman vasitələri haqqında" qanunla müəyyən edilən dərman və tibb vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarının qanunauyğunluğu, dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin, həmçinin əczaçılıq bazarı iştirakçılarının fəaliyyətlərinin müvafiq normativ-hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməsinə nəzarətin daha da gücləndirilməsi məqsədilə 2007-ci ildə Səhiyyə Nazirliyinin qərarı ilə Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi yaradılıb:

"Mərkəz tərəfindən respublika ərazisində fəaliyyət göstərən həm topdansatış, həm də pərakəndə satış əczaçılıq təşkilatlarında qanunvericiliyin tələbləri gözlənilməklə mütəmadi olaraq planlı reydlər keçirilir. Bu müddət ərzində respublikanın müxtəlif bölgələrində xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən 345 qanunsuz aptekin fəaliyyəti dayandırılıb. Onlardan xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 195 aptekə İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsi ilə cərimə protokolları tərtib edilib, keçirilən reydlər nəticəsində yararlılıq sertifikatı və dövlət qeydiyyatı olmayan 100 min qutudan çox, istifadə müddəti bitmiş 2500 qutudan çox dərman preparatları aşkar olunaraq müsadirə edilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təhlükəli Tullantıların İdarə Olunması Agentliyi tərəfindən müvafiq qaydada məhv edilib".

E.Ağayev deyib ki, bundan başqa, apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə 68 fakt, aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatlar, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satışına görə 13 fakt aşkar edilərək protokollar tərtib edilib. Həmin faktlar Səhiyyə Nazirliyi tərəfindən rəsmiləşdirilib və müvafiq qərarlar qəbul edilərək cərimə sanksiyaları tətbiq edilib. Eyni zamanda, reydlər nəticəsində Səhiyyə Nazirinin 2 oktyabr 2006-cı il tarixli, 153 №-li əmri ilə təsdiq edilmiş "Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə Tələblər"ə cavab verməyən, xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən 50 aptek təşkilatında ciddi nöqsan və çatışmazlıqlar aşkar edilərək fəaliyyətləri dayandırılıb. Bunlardan 11 aptek müəssisəsinin lisenziyası tamamilə ləğv edilib:

"Bu sahədə hazırda mövcud problemlərdən ən əsası bazarda dövlət qeydiyyatı olmayan dərman vasitələrinin olmasıdır. Bununla bağlı həm Səhiyyə Nazirliyi tərəfindən, həm də hüquq-mühafizə orqanları tərəfindən ciddi işlər aparılır. Tək onu qeyd edə bilərəm ki, bu ilin 6 ayı ərzində İnspeksiya tərəfindən keçirilən yoxlamalar nəticəsində 6 min qutudan çox dövlət qeydiyyatı olmayan dərman vasitələri müsadirə edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti