...

2014-cü ildə Xəzəryanı ölkələr nərəkimilərin sənaye məqsədli ovlanmasını həyata keçirməyəcəklər

Cəmiyyət Materials 27 Dekabr 2013 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Xəzər dənizinin su bioloji resursları üzrə komissiyanın iclasında iştirak edən Xəzəryanı dövlətlərin nümayəndələri təmsil etdikləri ölkələr tərəfindən 2014-cü ildə nərəkimilərin sənaye (kommersiya) məqsədli ovlanmasını həyata keçirilməyəcəyini bəyan ediblər. Trend-in məlumatına görə, bu barədə Volqa-Xəzər Ərazi İdarəsinin mətbuat xidməti xəbər yayıb.

Məlumatda deyilir ki, iclasda müzakirə olunan əsas məsələ Xəzər dənizinin bioloji resurslarının qorunub saxlanması və onlardan səmərəli istifadə haqqında saziş layihəsinin müzakirəsi olub.

Tərəflər bu layihənin konseptual məsələlərini, o cümlədən Xəzərin su bioloji resursları üzrə komissiyanın strukturu, nərəkimilərin ovuna qadağanın tətbiqi mexanizmi üzrə fikir mübadiləsi aparıblar.

İclas zamanı saziş layihəsi üzrə gələcək fəaliyyətin qaydaları müəyyən edilib. Sənədin 2014-cü ilin ikinci yarısında Həştərxanda keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin dövlət başçılarının IV Xəzər sammitində imzalanmağa hazırlanması planlaşdırılır. Tərəflər saziş layihəsinin müzakirəsi üzrə növbəti görüşün gələn ilin birinci rübündə keçirilməsi barədə razılığa gəliblər.

İclasda bütün Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər. Nümayəndə heyətlərinin tərkibinə bu dövlətlərin balıq təsərrüfatları üzrə idarəetmə orqanlarının, Təbii Sərvətlər və Xarici İşlər nazirliklərinin nümayəndələri daxildir.

Tərəflər iclasın gedişində dəniz balıqlarının və nərəkimilərin ovlanması üzrə kvotaların mənimsənilməsi, 2013-cü ilin nəticələrinə görə təkrar istehsal və balıq ehtiyatlarının mühafizəsi haqqında informasiya mübadiləsi aparıb, həmçinin elmi araşdırmaların nəticələrinə görə su bioresurslarının ehtiyatlarının vəziyyəti haqqında məlumatları müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti