...

Ekspert: Vəkilliklə bağlı qanunda boşluq var

Cəmiyyət Materials 13 Yanvar 2014 16:28 (UTC +04:00)
Vəkillik institutu ölkəmiz üçün yeni institutlardan biri olub ədalət mühakiməsinin müstəqil və ayrılmaz qoludur. Son zamanlar ölkəmizin qanunvericilik sistemində olan çoxşaxəli qanun layihələri müzakirə olunub və qəbul edilib. Bu qanunlardan biri də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunudur. Vəkillik fəaliyyətinin əsasının Azərbaycan Respublikasının Konstitusiyası və bu qanunu təşkil edir.
Ekspert: Vəkilliklə bağlı qanunda boşluq var

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Vəkillik institutu ölkəmiz üçün yeni institutlardan biri olub ədalət mühakiməsinin müstəqil və ayrılmaz qoludur. Son zamanlar ölkəmizin qanunvericilik sistemində olan çoxşaxəli qanun layihələri müzakirə olunub və qəbul edilib. Bu qanunlardan biri də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunudur. Vəkillik fəaliyyətinin əsasının Azərbaycan Respublikasının Konstitusiyası və bu qanunu təşkil edir.

Bunu Trend-ə "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin üzvü, vəkil Aqil Layıc bildirib:

"Bizim üçün sahəvi qanun olan bu qanunda vəkillərin hüquqları sıralanıb. Vəkillik fəaliyyətinin demək olar ki, əsasını araşdırmaq, məlumat toplamaq, sənədlər almaq və ədalət mühakiməsi zamanı bu sənədlərdən və məlumatlardan istifadə etmək təşkil edir. Sahəvi qanunumuzun 15-ci maddəsinə əsasən, vəkil peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq hüququna malikdir. Lakin bu hüquqların həyata keçirilməsi ilə bağlı təcrübədə bir sıra problemlər mövcuddur".

Onun fikrincə, son zamanlar, daha dəqiq desək, 11 may 2010-cu il tarixindən, yəni "Fərdi məlumatlar haqqında" qanun qüvvəyə mindiyi tarixdən bu yana vəkillər peşə fəaliyyəti ilə əlaqədar müstəqil olaraq araşdırma aparmaq (sorğular vermək, sənədlər əldə etmək, bu və ya digər şəkildə informasiya toplamaq) hüququndan demək olar ki, məhrum olub: "Demək olar ki, fəaliyyətimizlə əlaqədar istənilən sorğumuza imtina məktubu alırıq. Həmin qanunun tələblərinə görə ad, soyad və ata adı istisna olmaqla bütün məlumatlar "fərdi məlumatlar" adı altında şifrələnib və vəkillər üçün əlçatmaz olub. Bu isə peşə fəaliyyətimizlə əlaqədar vətəndaşları hüquqi yardımdan məhrum edir və məhkəmələri əlavə sorğular verməklə yükləyir. Halbuki demokratik cəmiyyətdə və hüquqi dövlətdə vəkillərin bu səlahiyyətləri məhdudlaşdırıla bilməz. Ona görə ki, Konstitusiyanın 61-ci maddəsinə əsasən, yüksək keyfiyyətli hüquqi yardımı məhz peşəkar şəkildə vəkillər göstərə bilərlər".

A.Layıc qeyd edib ki, "Fərdi məlumatlar haqqında" qanunun 13.2.2-ci maddəsinə əsasən, fərdi məlumatları (ad, soyad və ata adı istisna olmaqla) əldə etmək hüququ olan subyektlərin dairəsi müəyyən edilib. Fərdi məlumatlar dövlət və ya yerli özünüidarə orqanları tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrası ilə bağlı verildikdə və bu zaman fərdi məlumatların informasiya sistemləri üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edildikdə verilə bilər. Lakin göründüyü kimi, bu səlahiyyətlər ədalət mühakiməsi zamanı digər tərəflərə (istintaqa və ya məhkəmələrə, digər dövlət orqanlarına) verildiyi halda vəkillərə verilməyib. Bu isə bir sıra qanunvericilik və Azərbaycan Respublikasının öz üzərinə pozitiv öhdəlik götürdüyü beynəlxalq müqavilələr baxımından diskriminasiya təşkil edir (İnsan hüquqları üzrə Avropa Konvensiyasının 14-cü, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci, İnsan hüquqlarının Beynəlxalq Bəyannaməsinin 2-ci maddəsi baxımından):

"Belə bir sual ortaya çıxa bilər ki, bu məlumatı əldə etmək hüququ vəkillərin sahəvi qanununda var və buna görə əldə edilə bilər. Hər iki qanundan göründüyü kimi, fərdi məlumatların toplanması baxımından kolliziya əmələ gəlib. Həmin kolliziya isə zaman yurisdiksiyası baxımından (Lex posterior derogat legi priori, Normativ Hüquqi aktıar haqqında AR Konstitusiya Qanununun 10.5-ci maddəsi) sonrakı, yəni "Fərdi məlumatlar haqqında" qanunu üstün hala gətirir. Məzmun yurisdiksiyası baxımından məsələyə yanaşsaq, tələb olunan məlumatlar "fərdi məlumatlar" olduğundan sahəvi qanun üstün qüvvəyə malikdir (Lex specialis derogat legi generali, Normativ Hüquqi aktlar haqqında AR Konstitusiya Qanununun 10.3-cü maddəsi). Çünki həll olunan məsələ məhz fərdi məlumatdır".

Vəkil bildirib ki, onlara, yəni vəkillərə qanun tərəfindən verilən məlumatlar toplamaq hüququ "Fərdi məlumatlar haqqında" qanunun 13-cü maddəsi baxımından qeyri-işlək və səmərəsiz hala gəlib. Bu isə ilk növbədə demokratik cəmiyyətin və hüquqi dövlətin əsas təsisatlarından biri olan "yüksək keyfiyyətli hüquqi yardım" institutunu zədələyir. Bütün bunları nəzərə alaraq, vəkil A.Layıc, ümumiyyətlə, "Azərbaycan Hüquq İslahatları Mərkəzi" "Fərdi məlumatlar haqqında" qanunun 13-cü maddəsinə bu məlumatları əldə etmək hüququ olan subyektlər arasına vəkillərin salınması yönündə təşəbbüs göstərilməsini zəruri hesab edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti