Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İzzət/
Son bir neçə il ərzində paytaxt Bakı şəhərində mövcud 10 piyada keçidi əsaslı təmir olunub, 60-a yaxın yeni yeraltı və yerüstü piyada keçidi inşa edilərək şəhər sakinlərinin istifadəsinə verilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 22 fevral 2007-ci il tarixli sərəncamına əsasən Nəqliyyat Nazirliyinin tabeliyində "Azəryolservis" ASC yaradılmasının 7-ci ildönümü münasibətilə keçirilən tədbirdə məlumat verilib.
Məlumata görə, hazırda Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən Bakı şəhərində xidmət göstərilən yollar, prospekt və küçələrin ümumi uzunluğu 1525 km-dir. 2008-2013-cü illər ərzində Bakı şəhərində yeni tikilən, yenidənqurulan və təmir olunan yolların uzunluğu 703,3 km olub.
Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binqədi, Zıg dairəsi-Hava Limanı, Böyükşor dairəsi-Hava Limanı, Azadlıq meydanı-Zığ dairəsi, Bakı dairəvi-1, Baki-Ələt yolunun 2-6 km, şəhər şossesinin Sabunçu qovşağından Zabrat dairəsinədək olan hissələri, Zabrat-Maştaga-Buzovna, Zıg dairəsi-Heydər Əliyev Hava Limanı avtomobil yolundan Qala qəsəbəsinə gedən və digər yollar, prospekt və küçələrdə aparılan tikinti və yenidənqurma işləri kəskin nəqliyyat tıxaclarını aradan qaldıraraq avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinə şərait yaradıb.
Tədbirdə qeyd olunub ki, Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar nəzərdə tutulan işlər artıq çoxdan müəyyən olunub. Şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə yanaşı, yarış günlərində maneəsiz və fasiləsiz hərəkəti təmin etmək üçün Nəqliyyat Nazirliyi tərəfindən nəqliyyat-yol kompleksi üzrə tədbirlər planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq mövcud avtomobil yollarının təmiri, yeni avtomobil yollarının, yol qovşaqlarının, piyada keçidlərinin tikintisi üzrə yol təsərrüfatı işçilərini konkret vəzifələr gözləyir. Nəzərdə tutulan işlərin vaxtında yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün artıq bütün imkanlar səfərbər edilib.
Ölkənin ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 2003-cü ildə 18754 km təşkil edirdisə, 2008-ci ildə bu göstərici 18 902 km, 2013-cü ildə isə 19000 km-ə çatdırılıb ki, bunun da 17 529 km-i Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-in balansındadır.
Son 10 il ərzində avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 3014 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri, yol tikinti maşınları, avadanlıq və qurğular alınıb, ümumi gücü saatda 2240 tondan çox olan 33 ədəd asfalt beton zavod istifadəyə verilib. 2003-2013-cü illər ərzində respublikada yeni tikilən, yenidənqurulan, əsaslı təmir olunan yolların uzunluğu 8332 km olub.
Bu dövrdə ümumi istifadədə olan avtomobil yollarında 222 yeni körpü və yolötürücüsü tikilib.
Tədbirdə vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan uğurların sırasında bu sahənin inkişafı önəmli yer tutur. Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq deyən ölkə başçısı İlham Əliyev son 10 il ərzində 180 dəfəyə yaxın avtomobil yollarının, yol qurğularının açılış mərasimində iştirak edib, habelə işlərin gedişi ilə tanış olaraq öz tapşırıq və tövsiyyələrini verib.