...

Bakıdakı 6 saylı məktəb-liseydə Beynəlxalq Bakalavriat Proqramının təqdimatı keçirilib

Cəmiyyət Materials 13 Mart 2014 12:04 (UTC +04:00)
BBP çərçivəsində təhsil bir neçə mərhələyə (PYP-ibtidai təhsil, MYP-V-IX siniflər, DP-diplom proqramı, X-XI siniflər) bölünür.
Bakıdakı 6 saylı məktəb-liseydə Beynəlxalq Bakalavriat Proqramının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İ.İsabalayeva/

Bakıdakı 6 saylı məktəb-liseydə Beynəlxalq Bakalavriat Proqramının (BBP) təqdimatı keçirilib. Trend-in məlumatına görə, tədbirdə çıxış edən məktəbin ditektoru Gülşən Orucova bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, Təhsil və Maliyyə nazirliklərinin dəstəyi ilə 2011-ci ildən 6 nömrəli məktəb-liseydə BBP tətbiq olunur.

BBP çərçivəsində təhsil bir neçə mərhələyə (PYP-ibtidai təhsil, MYP-V-IX siniflər, DP-diplom proqramı, X-XI siniflər) bölünür.

Onun sözlərinə görə, BBP-nin tətbiq olunduğu ilk tədris ocağı olan 6 nömrəli məktəb-liseyin XI sinif şagirdləri beynəlxalq qiymətləndirmə əsasında diplom alaraq dünyanın nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ qazanacaqlar. Proqramın məzunu olan şəxslər sonda imtahan verirlər, bu imtahanda onlar 24-75 bal toplayarlsa, onda xarici universitetlərə müsabiqəsiz qəbul olunacaqlar. İmtahanda toplanan bal 24-dən az olduqda, onlar müsabiqəsiz xarici ölkələrin kollec və peşə məktəblərinə qəbul oluna bilərlər.

G.Orucova deyib ki, təhsil müəssisəsində BBP çərçivəsində bir sıra xarici ölkələrdən gəlmiş müəllimlər də çalışırlar. Məktəb-lisey MDB ölkələri üzrə BBP məktəbləri assosiasiyasının üzvüdür.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq dövlət məktəblərində ödənişli əsaslarla beynəlxalq təhsil tətbiq oluna bilər: "Bu isə deməyə əsas verir ki, 6 saylı məktəb-lisey dövlət məktəbi olmaqla yanaşı, həm də beynəlxalq məktəb statusuna malikdir. İndiyədək bu proqram dövlət vəsaiti hesabına keçirilirdi. Ancaq növbəti illərdən bu proqramda iştirak üçün vəsait ödənilməli olacaq. Bu vəsait beynəlxalq məktəblərdəki qiymətlərdən 4, hətta 5 dəfə ucuz olacaq".

C.Valehov deyib ki, 1968-ci ildə İsveçrədə yaradılmış BBP-nin diplomu hazırda 130-dan çox ölkə və 2500 universitet (Oksford, Harvard, Kempric, Yell və s.) tərəfindən tanınır. Bu proqramın üstün cəhəti odur ki, BBP-nin hər bir mərhələsi ayrılıqa tətbiq oluna bilər. BBP üzrə tədrisin ingilis dilində aparılması bütün ölkələrdən olan şagirdlərin əməkdaşlıq və ünsiyyət imkanlarını artırır. İngilis dilindən əlavə, BBP fransız, alman, çin və rus dillərində də tədris olunur. BBP çərçivəsində çalışan müəllimlər hər 3 ildən bir ixtisasartırmaya cəlb olunur. Müvafiq məktəblərdə isə hər 5 ildən bir monitorinq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti