Azərbaycan, Bakı, 21 aprel /Trend/
Aprel ayının 21-dən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təsərrüfatlarına yaz baxışı başlayır.
QSC-dən Trend-ə verilən məlumata görə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun rəhbərliyi ilə başlayan kampaniya 10 gün davam edəcək.
Kampaniyada təsərrüfatların və tikililərin saxlanışı vəziyyəti, eyni zamanda stansiyalarda, müəssisələrdə, təşkilatlarda hərəkətin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin qorunması və texniki təhlükəsizlik qaydalarına riayət olunması yoxlanılır.
Böyük-Kəsik stansiyasından başlayan tədbirin sonrakı hərəkət xətti Böyük-Kəsik-Hacıqabul, Horadiz-Osmanlı, Astara-Şirvan-Ələt, Yalama-Sumqayıt, Ələt-Biləcəri, Abşeron sahəsi, Biləcəri, Bakı sərnişin, Bakı yük, Keşlə, H.Z.Tağıyev-çeşidləmə, Güzdək, Xırdalan stansiyaları və dəmir yolunun bütün qolları olmaqla sahə və istiqamətlər üzrə davam edəcək.