...

Almaniyada gənc alimlər üçün elmi tədqiqat imkanları mövzusu Bakıda müzakirə edilir

Cəmiyyət Materials 18 İyun 2014 15:32 (UTC +04:00)
Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutu və Alman Akademik Mübadilə Xidmətinin (DAAD - Deutscher Akademischer Austauschdienst) birgə təşkilatçılığı ilə "Almaniyada gənc alimlər üçün elmi tədqiqat imkanları" mövzusunda konfrans və "Elmi-tədqiqata ilk addım" adlı təlim seminarı keçirilir.
Almaniyada gənc alimlər üçün elmi tədqiqat imkanları mövzusu Bakıda müzakirə edilir

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutu və Alman Akademik Mübadilə Xidmətinin (DAAD - Deutscher Akademischer Austauschdienst) birgə təşkilatçılığı ilə "Almaniyada gənc alimlər üçün elmi tədqiqat imkanları" mövzusunda konfrans və "Elmi-tədqiqata ilk addım" adlı təlim seminarı keçirilir.

Trend-in məlumatına görə, azərbaycanlı doktorant və gənc alimlər üçün nəzərdə tutulan tədbir Almaniyanın Təhsil və Tədqiqat Nazirliyinin (BMBF) maliyyə dəstəyi ilə keçirilir.

İnformasiya Texnologiyaları İnstitutunda təşkil edilən konfransda Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin daimi müşaviri Volfqanq Mössinger, DAAD-ın Bakı Məlumat Mərkəzinin direktoru Nikola Ulliş, həmçinin doktorant, dissertant, gənc alim və magistratura pilləsində təhsil alan tələbələr iştirak edirlər.

Konfransı giriş sözü ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik katibi və müxbir üzvü, professor Rasim Əliquliyev və Almaniyanın Azərbaycandakı səfirliyinin daimi müşaviri V.Mössinger açıblar. Onlar alim və tələbələrin mübadiləsinin təşkilinin davamlı inkişafa xidmət edən amillərdən olduğunu bildiriblər.

Tədbirdə Almaniyada doktorantura təhsili almaq, elmi tədqiqat işləri aparmaq üçün qəbul prosesi və təqaüd imkanları haqqında ətraflı məlumat verilib. N.Ulliş "Almaniyada elmi tədqiqat imkanları" və "Azərbaycan üçün təqaüd və maliyə proqramları" mövzusunda təqdimatlarla çıxış etdilər.

Konfransın davamı olan "Elmi tədqiqata ilk addım" mövzusunda keçirilən təlim seminarında isə iştirakçılara tədqiqat işlərinin ilkin planlaşdırılması, elmi ədəbiyyata çıxış, tədqiqat nəticələrinin nəşri, tədqiqat layihəsinin hazırlanması, Almaniyadan elmi rəhbərin təyin edilməsi, DAAD təqaüdləri və qrantlarına müraciət qaydalarından bəhs edən təqdimatlar olub, çıxışlar edilib.

3 gün davam edəcək təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Qeyd edək ki, akademik və elm sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişafına dəstək verən DAAD dünyada alim və tələbələrin mübadiləsini dəstəkləyən ən böyük təşkilatdır. 1925-ci ildən fəaliyyətə başlayan qurumun əsas vəzifəsi tələbə və alimlərin mübadiləsi vasitəsilə xarici ölkələrlə akademik münasibətlərin qurulması və davamlı inkişafının təmin edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti