...

Azərbaycanda korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi ictimai müzakirəyə çıxarılacaq

Cəmiyyət Materials 17 İyul 2014 12:19 (UTC +04:00)
Azərbaycanda korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi hazırlanır.
Azərbaycanda korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi ictimai müzakirəyə çıxarılacaq

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi hazırlanır. Layihə bu ilin avqust-sentyabr aylarında ictimai müzakiərəyə çıxarılacaq.

Trend xəbər verir ki, bunu Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 2014-cü ilin I yarısında korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında deyib.

Komissiyanın katibi qeyd edib ki, hazırda ölkədə korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin qorunması barədə qanunvericilik bazası yoxdur. Belə bir bazanın yaradılması nəzərdə tutulub: "Komissiya artıq belə bir layihə üzərində işləyir. Həmin layihə Komissiyanın işçi qrupunda müzakirəyə çıxarılacaq. Böyük ehtimalla avqust, ən geci sentyabr ayında həmin qanun layihəsinin ictimai müzakirəsi keçiriləcək. Hesab edirik ki, dövlət və özəl qurumda işləyən və ya hər hansı şəxs vicdanlı olaraq korrupsiya ilə bağlı məlumat verirsə, o ədalətsiz təzyiqlərdən müdafiə olunmalıdır".

V.Hüsenov həmçinin qeyd edib ki, "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" artıq 64 faiz həcmində icra edilib.

Komissiyanın katibinin sözlərinə görə, dövlət qurumları tərəfindən öz fəaliyyətləri tərəfindən məlumatlandırma işi yaxşılaşıb. Belə ki, dövlət qurumlarının 88 faiz öz fəaliyyətləri barədə məlumatları öz saytlarında yerləşdirirlər.

V.Hüseynov həmçinin qeyd edib ki, 2008-ci ildə keçirilən sorğularda vətəndaşlarda 0-100 manat arasında rüşvət istənildiyi bildirilirdi. Lakin 2014-cü ildə ölkədə "ASAN xidmət" mərkəzlərinin yaranmasından sonra bu kimi halların azalması müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti