...

BMT: Azərbaycanda təhsilin keyfiyyəti 50, səhiyyənin keyfiyyəti isə 34 faiz qaneedicidir

Cəmiyyət Materials 24 İyul 2014 15:10 (UTC +04:00)
BMT ekspertləri Azərbaycanda təhsil və səhiyyənin keyfiyyətinin qaneedicilik səviyyəsini müəyyən ediblər.
BMT: Azərbaycanda təhsilin keyfiyyəti 50, səhiyyənin keyfiyyəti isə 34 faiz qaneedicidir

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbirlər İlhamə İsabalayeva, Səbinə Əhmədova/

BMT ekspertləri Azərbaycanda təhsil və səhiyyənin keyfiyyətinin qaneedicilik səviyyəsini müəyyən ediblər.

Trend-in BMT İnkişaf Proqramının saytına istinadən verdiyi məlumata görə, BMT-nin ekspertləri tərəfindən hazırlanmış "İnsan inkişafı hesabatı 2014"-də qeyd edilir ki, Azərbaycanda 2012-ci ildə təhsilin keyfiyyəti 50 faiz qaneedici hesab edilib.

2008-2012-ci illərdə səhiyyənin keyfiyyəti 34 faiz, 2007-2013-cü illərdə həyat standartı isə 49 faiz qaneedici sayılıb.

Hesabata görə, 2008-2012-ci illərdə 0-5 aylığında yalnız ana südü qəbul edən körpələrin sayı 12 faiz təşkil edib.

Azərbaycanda 2012-ci ildə qızılcaya qarşı immunizasiya proqramından kənarda qalan 1 yaşlı körpələrin göstəricisi 34, difteriya, tetanus və göyöskürəyə qarşı immunizasiya proqramından kənarda qalan 1 yaşadək körpələrin göstəricisi isə 19 faiz olub.

Azərbaycanda 2000-2005-ci illərdə qadınlar arasında fertillik səviyyəsi üzrə hər qadın üçün 2 doğuş qeydə alınıb. 2010-2015-ci illər üzrə isə fertillik səviyyəsi 1,9 doğuş müəyyən edilib.

Hesabata əsasən, Azərbaycanda 2010-2015-ci illər üçün oğlan və qız uşaqlarının doğum nisbəti 1,15 müəyyən edilib.

Azərbaycanda qadınlar üçün 2013-cü ildə ömür uzunluğu 73,9, kişilər üçün isə 67,6 il olub.

Azərbaycanda orta hesabla adambaşına düşən ümumi gəlir qadınlar üçün 10,968, kişilər üçün isə 17,813 dollardır.

Qeyd edək ki, BMT-nin hazırladığı "İnsan inkişafı hesabatı 2014"-də Azərbaycan insan inkişafı indeksinə görə 187 ölkə arasında 76-cı yeri tutub. "İnsan inkişafı hesabatı 2013"-də isə Azərbaycan insan inkişafı indeksinə görə 82-ci yerdə qərarlaşmışdı.

Dünya ölkələrində insan yaşayışı səviyyəsinin qiymətləndirilməsi baxımından aparıcı beynəlxalq meyar hesab edilən insan inkişafı indeksi müəyyənləşdirilərkən insanların orta ömür uzunluğu, savadlılıq dərəcəsi, səhiyyə, təhsil almaq imkanı, adambaşına düşən ÜDM və digər amillər nəzərə alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti