...

Leyla Əliyeva: "Bernar Buffenin hətta ən qaranlıq rəsmləri belə pozitiv enerji verir" (VİDEO)

Cəmiyyət Materials 23 Sentyabr 2014 14:07 (UTC +04:00)
Sentyabrın 26-da Heydər Əliyev Mərkəzində fransız rəssam Bernar Buffenin (1928-1999) fərdi sərgisinin rəsmi açılış mərasimi keçiriləcək.
Leyla Əliyeva: "Bernar Buffenin hətta ən qaranlıq rəsmləri belə pozitiv enerji verir" (VİDEO)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Sentyabrın 26-da Heydər Əliyev Mərkəzində fransız rəssam Bernar Buffenin (1928-1999) fərdi sərgisinin rəsmi açılış mərasimi keçiriləcək.

Trend-in Heydər Əliyev Mərkəzinə istinadən verdiyi məlumata görə, rəssamın Bakıdakı ilk sərgisində 43 əsər nümayiş olunacaq. Onların sırasında müəllifin "Sirk", "Dantenin cəhənnəmi", "Dərisi soyulmuşlar" silsilələrindən rəsmləri, eyni zamanda avtoportretləri var.

Açılış mərasimi ərəfəsində Bernar Buffenin əsərlərinin reproduksiyasını əhatə edən kataloq nəşr olunub. Kataloqda ön sözün müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. O, Bernar Buffenin əsərlərinin Bakıya gətirilməsindən və dünyanın istedadlı memarlarından olan Zaha Hadid tərəfindən layihələndirilən Heydər Əliyev Mərkəzində sərgilənməsindən məmnunluq hissi keçirdiyini qeyd edib: "Mən Buffe və onun əsərlərini bir neçə il əvvəl kəşf etdim. Elə həmin an da onun rəsmlərinə vuruldum. Fikrimcə, Buffenin əsərləri emosiyalarla zəngindir və rəssamın xeyli dərin duyğularını ifadə edir. Buffenin hətta ən qaranlıq rəsmləri belə pozitiv enerji verir və bizə onun çox həssas ruhunun dərinliklərini görməyə imkan yaradır. Onun əsərlərinin yaydığı enerji çox güclüdür - sadəcə rəsmlərə baxmaq məni xoşbəxt bir aləmə aparır".

Bernar Buffenin Heydər Əliyev Mərkəzindəki sərgisi 15 yanvar 2015-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, Bernar Buffe 1928-ci il iyunun 10-da Parisdə anadan olub. Rəssam melanxolik, monoxrom əsərləri ilə məşhurlaşıb. О, "Fəxri Legion", "İncəsənət və Ədəbiyyat" ordenlərinin kavaleri olub. 1973-cü ildə Yaponiyada Bernar Buffe Muzeyi yaradılıb. Parkinson xəstəliyindən əziyyət çəkən rəssam 71 yaşında intihar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti