...

Mübariz Qurbanlı: Dövlət dindən ayrı olsa da, dindar dövlətdən ayrı deyil (FOTO)

Cəmiyyət Materials 17 Oktyabr 2014 17:13 (UTC +04:00)
"Dövlət dindən ayrı olsa da, dindar dövlətdən ayrı deyil. Hər bir dindar istər-istəməz dövlətlə təmasda olmaq məcburiyyətindədir".
Mübariz Qurbanlı: Dövlət dindən ayrı olsa da, dindar dövlətdən ayrı deyil (FOTO)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İlkin İzzət/

"Dövlət dindən ayrı olsa da, dindar dövlətdən ayrı deyil. Hər bir dindar istər-istəməz dövlətlə təmasda olmaq məcburiyyətindədir". Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Komitənin sədri Mübariz Qurbanlı Xəzər rayonunda dini icmaların nümayəndələri ilə keçirilən görüşdə deyib.

M.Qurbanlı qeyd edib ki, Azərbaycan unitar, hüquqi, demokratik və dünyəvi dövlətdir. Ölkədə dünyəvilik konstitusiyada öz əksini tapıb və bununla yanaşı, "Dini etiqad azadlığı" haqqında qanun da qəbul edilib. Bu qanun da cəmiyyətimizdə fərdlərlə, dini icmalarla dövlət arasındakı münasibətləri nizamlayır. DQİDK-nın təsis olunmasının başlıca məqsədi dövlət-din münasibətləri, o cümlədən dini icmaların fəaliyyətini nizamlamaqdan ibarətdir: "Burada bir incə məqam var. Dövlət dindən ayrı olsa da, dindar dövlətdən ayrı deyil. Hər bir dindar istər-istəməz dövlətlə təmasda olmaq məcburiyyətindədir. Hesab edirik ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir".

Onun sözlərinə görə, Azərbaycanda istənilən dini icmanın azad fəaliyyətinə tam şərait var: "Azərbaycan tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasındadır. Tolerantlığın təminatı üçün hökumət tərəfindən müəyyən addımlar atılıb. İstər paytaxtda, istərsə də bölgələrdə dini münasibətlərlə bağlı təhlillər aparsaq, xristian, müsəlman və yəhudi dini icmalarının paralel şəkildə, dinc, yanaşı mövcud olduğunu görə bilərik".

Dövlət Komitəsinin sədri bildirib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. O bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışıb.

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Dövlət Komitəsinin dini icmalarla bu görüşünün əhəmiyyətini vurğulayaraq qeyd edib ki, belə görüşlər dövlət-din arasında mövcud sıx münasibətlərin daha da inkişaf etməsinə xidmət edir.

Görüşdə DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov da çıxış edərək rayondakı dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verib.

Xəzər rayonundan Milli Məclisin üzvü seçilmiş deputat Rauf Әliyev isə deyib ki, müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi, dini sahədə də xeyli dəyişiklər baş verib: "Sovet dövründə dinə qarşı böyük basqıları müşahidə edirdiksə, müstəqillikdən sonra bu basqılar aradan qaldırılıb, dövlət-din münasibətlərini tənzimləyən qanunlar qəbul edilib, bu məsələlər konstitusiyamızda da öz əksini tapıb".

Görüşdə çıxış edən din xadimləri isə son vaxtlarda Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiklərini vurğulayıblar.

Qeyd edək ki, Dövlət Komitəsinin sədri M.Qurbanlı Xəzər rayonu ərazisində yerləşən "Mir Mövsüm ağa" ziyarətgahını da ziyarət edib, oradakı şəraitlə maraqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti