...

Təhsil naziri dərsliklərlə bağlı iradlara cavab verib

Cəmiyyət Materials 20 Noyabr 2014 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbirlər İlhamə İsabalayeva, Elçin Mehdiyev/

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov millət vəkili Siyavuş Novruzovun dərsliklərlə bağlı iradlarına cavab verib.

Trend-in məlumatına görə, M.Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib ki, orta məktəblərdə qalın üzlüklü dərsliklərdən istifadə olunmur. Nazir I sinif üçün istifadə edilən 5 kitabın ümumi çəkisinin cəmi 1 kq 240 qram olduğunu bildirib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi dərsliklərin hazırlanması prosesini daha çox optimallaşdırmağa çalışır. Bu məqsədlə artıq 6 və 7-ci siniflər üçün bütün dərsliklər açıq şəkildə elektron resursda yerləşdirilib.

Nazir bildirib ki, bütün şagirdlərin bu dərsliklərin elektron variantlarını yükləmək imkanları var: "Amma təbii ki, bu mövzuda bizim üçün ən mühüm olanı dərsliyin məzmunudur. Bu istiqamətdə öz fəaliyyətimizi davam etdiririk".

Qeyd edək ki, S.Novruzov dünən MM-də çıxışı zamanı dərsliklərlə bağlı müəyyən iradlarını bildirib: "İki ton kitab çap edirlər. Bu yaxınlarda mənə xarici vətəndaş demişdi ki, sizdə kitab yox, məhz adam öldürmək üçün soyuq silah hazırlanır. Kitabların üzlüklərini elə qalın edirlər ki, kimin başına vursalar, gərək həmin adam ölsün. Kitabların qalın olmasına baxmayaraq, içi boşdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti