...

Bilik Fondu Xocalı şəhidlərinin xatirəsini yad edir (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2015 15:21 (UTC +04:00)
Bilik Fondu Xocalı faciəsinin 23-cü ildönümü ərəfəsində xaricdə, paytaxtda və rayonlarda şəhidlərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirib.
Bilik Fondu Xocalı şəhidlərinin xatirəsini yad edir (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Xocalı faciəsinin 23-cü ildönümü ərəfəsində xaricdə, paytaxtda və rayonlarda şəhidlərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirib.

Fondun təşkilatçılığı ilə Xocalı soyqırımından bəhs edən mühazirələr deyilib, əməkdaşlar müxtəlif tədris müəssisələrində soyqırım qurbanlarının anım, Xocalı dəhşətlərini əks etdirən kitabların təqdimat mərasimlərinə qatılıblar.

Fondun əməkdaşları və könüllüləri Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Poltavada Xocalıya ədalət

Poltava İqtisadiyyat və Ticarət Universitetinin Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Mərkəzin müdiri Yaşar Alxasovun iştirakı ilə Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. O.Səmədov 1992-ci il fevralın 26-da erməni işğalçıları tərəfindən törədilən dəhşətli qətliam barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Onun sözlərinə görə, bu qətliam bütün bəşər tarixinə qarşı yönələn vəhşilik və yaddaşlarda iz buraxan qanlı hadisədir. İcraçı direktor həmçinin Xocalı soyqırımının ilk dəfə beynəlxalq müstəvidə tanıdılması, eləcə də erməni faşizminin ifşası ilə bağlı ulu öndər Heydər Əliyevin gördüyü işləri xatırladıb, 2008-ci ildən başlayaraq, bütün dünyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasından söhbət açıb.

Doğu Akdeniz Universitetində Xocalı harayı

Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə Doğu Akdeniz Universitetində professor-müəllim heyəti və tələbələrlə keçirdiyi görüşlərdə Xocalı faciəsi, onun acı nəticələri barədə ətraflı məlumat verib. R.Məmmədzadə bildirib ki, xalqımıza qarşı törədilən bu soyqırımda cinayətkar erməni əsgərlərinin vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıblar.

Beyləqanda "Vətən" kuboku turniri

Beyləqan Gənclər Mərkəzində "Vətən" kuboku uğrunda intellektual bilik yarışmasına start verilməmişdən öncə Bilik Fondunun yerli nümayəndəsi Gülbəniz Cəfərova 1992-ci il fevralın 25-dən 26-na keçək gecə Xocalıda ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliam barədə məktəblilərə ətraflı məlumat verib.

Bilik Fondunun dəstəyi, Beyləqan rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi, Beyləqan rayon Uşaq Yaradıcılıq Mərkəzi, Beyləqan rayon Gənclər və İdman İdarəsi, Mil İntellektual Klubu, National Geographic Azərbaycan və "Gənclərin İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyinin birgə tərəfdaşlığı sayəsində keçirilən yarışmaya ümumilikdə 25 komanda qatılıb.

Gərgin keçən mübarizədə 3 qalib müəyyən edilib və mükafatlandırılıb. Nəticələrə əsasən, Beyləqan şəhər 2 saylı tam orta məktəbin "Mil" komandası 1-ci, Beyləqan şəhər 4 saylı tam orta məktəbin "4+1" komandası 2-ci, Beyləqan rayonu 1-ci Şahsevən kənd tam orta məktəbin "İnam" komandası 3-cü yerin sahibi olub.

Ağstafada film nümayişi

Xocalı faciəsinin qurbanları Ağstafa şəhər 1 saylı tam orta məktəbində də yad edilib. Tədbirdə Bilik Fondunun yerli nümayəndəsi, şəhər 1 saylı tam orta məktəbin direktoru Leyla İsayeva, Fondun könüllüsü Ağstafa rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, prezident təqaüdçüsü, yazıçı Əli Cəfəroğlu, rayonun müxtəlif məktəblərindən dəvət olunmuş şagirdlər və məktəb rəhbərləri iştirak ediblər.

Faciəni əks etdirən sənədli filmin nümayişindən sonra məktəblilər şeirlər söyləyiblər, səhnəciklər göstəriblər.

Şamaxı Xocalı faciəsinə uşaqların gözü ilə baxdı

"Xocalı faciəsi uşaqların gözü ilə" adlı Dəyirmi masa isə Bilik Fondunun təşkilatçılığı ilə Şamaxı rayonu Heydər Əliyev Mərkəzində keçirilib.

Tədbirdə Fondun Şamaxı rayonu üzrə nümayəndəsi, Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşova, rayonun müxtəlif məktəblərindən dəvət olunmuş şagirdlər və təşkilatçı müavinlər iştirak ediblər.

Əvvəlcə Xocalı faciəsinə aid videofilm nümayiş olunub. Sonra şagirdlər Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün görülən işlərdən söhbət açıblar.

Məktəblilər Xocalı faciəsində şəhid olmuş soydaşlarımızın xatirəsini əbədiləşdirmək üçün hər bir rayonda abidə ucaldılmasını və ermənilər tərəfindən xalqımıza qarşı qətliamlar törədilmiş zonalara ekskursiyalar təşkil olunmasını təklif ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti