...

Dünyaca məşhur məktəblər şəbəkəsi SABİS artıq Azərbaycanda (FOTO)

Cəmiyyət Materials 8 Aprel 2015 20:41 (UTC +04:00)
Dünyanın 18 ölkəsində 60 məktəb ilə xidmət göstərən SABİS Beynəlxalq məktəblər şəbəkəsi sentyabr ayından etibarən Bakıda fəaliyyətə başlayacaq.
Dünyaca məşhur məktəblər şəbəkəsi SABİS artıq Azərbaycanda (FOTO)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Dünyanın 18 ölkəsində 60 məktəb ilə xidmət göstərən SABİS Beynəlxalq məktəblər şəbəkəsi sentyabr ayından etibarən Bakıda fəaliyyətə başlayacaq.

Hazırlıq işlərinin gedişatı ilə bağlı SABİS Beynəlxalq məktəblər şəbəkəsinin Müşahidə Şurasının sədri xanım Leyla Saad və prezidenti cənab Karl Bistani Azərbaycana səfər ediblər. Bu münasibətlə "Xəyal Adası"nda KİV nümayəndələri ilə görüş keçirilib.

Ölkəmizdə məktəblər şəbəkəsinin fəaliyyətə başlaması üçün dəstək olan "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Goozal tədbir zamanı "Xəyal Adası" layihəsi barədə jurnalistlərə geniş məlumat verib və SABİS SUN Beynəlxalq məktəblər şəbəkəsinin ümumilikdə Azərbaycan təhsilinin inkişafına mühüm töhfə verəcəyini söyləyib.

Tədbirdə SABİS Beynəlxalq məktəblər şəbəkəsinin prezidenti Karl Bistani isə jurnalistlər üçün təqdimat keçirərək adıçəkilən təhsil müəssisəsi barədə geniş məlumat verib və onların suallarını cavablandırıb. Bundan sonra isə jurnalistləri ərazi ilə daha yaxından tanış etmək üçün tur təşkil edilib. Beynəlxalq standartlara tam cavab verəcək bu məktəb kompleksində təhsil ingilis dilində aparılacaq. Bundan əlavə, şagirdlərə Təhsil Nazirliyinin tələblərinə uyğun olaraq Azərbaycan dili və yerli əhəmiyyətli digər fənnlər də tədris ediləcək. Həmçinin şagirdlərə Azərbaycan və ingilis dilindən əlavə fransız və ya rus dilini öyrənmək imkanı da yaradılacaq.

"Azərsun Holdinq"ə məxsus "Xəyal Adası"nda fəaliyyətə başlayacaq SABİS SUN beynəlxalq məktəb kompleksi müstəqil təhsil müəssisəsidir. Buranın daha bir özəlliyi isə öz düşərgəsinin olmasıdır. Təhsil ocağında müxtəlif fənnlərin tədrisindən əlavə idmana məşğələlərinə də böyük diqqət ayrılacaq. Belə ki, burada təhsil alanlar üçün xüsusi idman kompleksinin inşası da nəzərdə tutulub. SABİS beynəlxalq məktəblərində şagirdlərin intelektual səviyyələrinin yüksəldilməsi üçün həftəsonu tədbirləri, yay məktəbləri və digər tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, artıq SABİS Beynəlxalq məktəblər şəbəkəsinə şagird qəbuluna başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti