Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturunda qismən dəyişiklik edilib.
Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında çıxış edən AMEA prezidenti Akif Әlizadə bildirib ki, bu ilin fevral ayında dünyasını dəyişən AMEA-nın vitse-prezidenti Akif Hacıyev həm də Fizika-Riyaziyyat Bölməsinin akademik-katibi idi: "Biz hələlik vitse-prezident vəzifəsini vakant saxlamaq istəyirik. Amma Fizika-Riyaziyyat Bölməsinə akademik-katib seçilməlidir".
Ümumi yığıncaqda AMEA-nın strukturunda qismən dəyişiklik edilməsi məsələsi müzakirə edilib. AMEA-nın nizamnaməsinin tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də Humanitar və İctimai elmlər bölmələrinin fəaliyyətinin təşkili məqsədilə Ədəbiyyat, Dilçilik, Şərqşünaslıq, Əlyazmalar, Folklor, Memarlıq və İncəsənət institutları, həmçinin Milli Аzərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev-Muzeyinin Humanitar Elmlər Bölməsinin tərkibinə, Tarix, Arxeologiya və Etnoqrafiya, İqtisadiyyat, Fəlsəfə və Hüquq, Konfliktologiya və İnsan Hüquqları, Dünya Siyasəti, Elm Tarixi, Qafqazşünaslıq institutları, o cümlədən Milli Аzərbaycan Tarixi Muzeyinin İctimai Elmlər Bölməsinin tərkibinə daxil edilməsi barədə qərar qəbul edilib. Adıçəkilən bölmələrin tərkibi müəyyənləşdirilib.
Tədbirdə AMEA-nın Quba Regional Mərkəzinin yaradılması məsələsinə baxılıb. Rəyasət Heyətinin bu barədə vəsatətini nəzərə alaraq mərkəzin yaradılması haqqında qərar qəbul edilib. Qeyd olunub ki, AMEA-nın Quba Regional Mərkəzinin yaradılmasında məqsəd bu bölgədə elmi tədqiqat fəaliyyətini gücləndirmək və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla fundamental və tətbiqi araşdırmaları lazımi səviyyədə aparmaq, eləcə də şimal bölgəsinin tarixi, arxeоlоgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaratmaqdır.