Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Tibb Universitetində yeni doğulan körpədə mürəkkəb əməliyyat icra olunub.
Universitetdən Trend-ə verilən məlumata görə, anadangəlmə inkişaf qüsuru olan uşaq üzərində bağırsaq əməliyyatı aparılıb.
Azərbaycan Tibb Universitetinin (ATU) uşaq cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Vüqar Məhəmmədovun sözlərinə görə, uşaq avqustun 4-ü doğulub, bir gün sonra isə əməliyyat edilib. Körpənin bağırsağında ciddi qüsur - atreziya olub: "Bu barədə hələ uşaq doğulmazdan öncə məlumatımız var idi. Çünki antinatal ultrasəs müayinə zamanı bu problemi aşkarlayıb körpənin valideynlərinə məlumat vermişdik. Yəni, biz artıq əməliyyata hazır idik".
Həkim qeyd edib ki, körpə 38 həftəliyində 1kq 940 qr çəki ilə dünyaya gəlib. Bir gün sonra ATU mütəxəssisləri onu əməliyyat ediblər. Saat yarım davam edən əməliyyat zamanı nazik bağırsaqda anadangəlmə inkişafüstü atreziyanın "3B" adlandırılan ən ağır forması aşkar olunub. Bu, nazik bağırsağın ən yuxarı hissələrinin atreziyasıdır. Belə ki, uşaqda inkişaf pozğunluğu nəticəsində bağırsağın hər iki ucunun kor qurtarması kimi patalogiya aşkarlanıb: "Təəssüf ki, digər atreziya formalarına nisbətən "3B" formasında ölüm göstəricisi daha yüksəkdir. Bu diaqnozla doğulan uşaqların 50-60%-də ciddi fəsad və ya ölüm hallarına rast gəlinir".
V.Məhəmmədovun sözlərinə görə, əməliyyat ümumi anesteziya altında aparılıb və uğurla həyata keçirilib.