...

Azərbaycanın ilk veb-saytı 20 yaşını qeyd etdi

Cəmiyyət Materials 17 Dekabr 2015 17:46 (UTC +04:00)
Bu il Azərbaycanın mətbuat tarixində xüsusi yeri olan Milli Elmlər Akademiyasının www.science.az veb-saytının 20 yaşı tamam olub.
Azərbaycanın ilk veb-saytı 20 yaşını qeyd etdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il Azərbaycanın mətbuat tarixində xüsusi yeri olan Milli Elmlər Akademiyasının www.science.az veb-saytının 20 yaşı tamam olub.

Trend-in məlumatına görə, saytın 20 illik yubileyinə həsr olunmuş tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə bu il akademiyanın 70 illik yubileyi çərçivəsində portalın yeni versiyasının istifadəyə verildiyini bildirdi. Bundan əlavə, Azərbaycanda ilk elmi internet-televiziya olan Milli Elmlər Akademiyasının "ElmTV" veb-telekanalının yaradıldığını və portalda yayımlandığını vurğuladı.

A.Əlizadə meqaportalın təkcə Milli Elmlər Akademiyasının rəsmi veb-resursu deyil, həm də Azərbaycanda ilk internet-jurnalistika məktəbi olduğunu söylədi: "Bu gün əminliklə demək olar ki, www.science.az-ın fəaliyyətə başlaması ölkədə internet-medianın, veb-jurnalistikanın əsasını qoyub. İnternet-media sahəsində ilk və əvəzsiz xidmətlərini, mətbuat tariximizə gətirdiyi yenilikləri nəzərə alaraq demək olar ki, www.science.az portalı müasir dövrün "elektron-Əkinçi"sidir".

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev bildirib ki, internet-medianın ilk nümunələrinin XX əsrin sonlarına təsadüf edib. Alim Azərbaycanda ilk dəfə internetə çıxışın 1991-ci ildə Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirildiyini dedi: "Bu, həmin dövrdə müharibə şəraitində yaşayan Azərbaycanın maraqlarına xidmət edən milli-mənəvi dəyərlərin, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün qlobal informasiya məkanına inteqrasiya baxımından böyük hadisə idi. İnternetə çıxışın təmin olunması və vüsət alması 140 illik tarixi olan Azərbaycan mətbuatının, mediasının inkişaf mərhələsində yeni səhifə açdı".

R.Əliquliyev bildirdi ki, milli mətbuatımızın bünövrəsini "Əkinçi" qəzeti qoyduğu kimi, bu portal Azərbaycanın elektron mətbuatının "Əkinçi"si, ilk qaranquşu hesab olunur və ölkəmizdə ilk internet-jurnalistika məktəbidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti