...

Prokurorluq orqanlarından xaric edilən müstəntiq Rüfət Səfərov korrupsiya əməllərində ittiham olunur

Cəmiyyət Materials 15 Yanvar 2016 11:29 (UTC +04:00)
Bir müddət əvvəl prokurorluq orqanlarından xaric edilən Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərovun konkret cinayət əməlləri ilə bağlı müraciətlər daxil olub.
Prokurorluq orqanlarından xaric edilən müstəntiq Rüfət Səfərov korrupsiya əməllərində ittiham olunur

Bakı. Elçin Mehdiyev - Trend:

Bir müddət əvvəl prokurorluq orqanlarından xaric edilən Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərovun konkret cinayət əməlləri ilə bağlı müraciətlər daxil olub.

Trend-in məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

K.Əliyev bildirib ki, Rüfət Səfərovun cinayət işi üzrə istintaq aparılır. Onun sözlərinə görə, R.Səfərov korrupsiya əməllərində ittiham olunur.

Qeyd edək ki, R.Səfərov bir müddət əvvəl prokurorluq orqanlarından xaric edilib və barəsində cinayət işi başlanıb. Cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə başlanıb.

O, "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.

R.Səfərov işdən azad edilməsindən sonra Zərdab rayon Prokurorluğunda icra və əmək intizamının, eləcə də prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən kompleks yoxlamalara başlanıb.

Qeyd edək ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti