Bakı. Trend:
Ukrayna Azərbaycanlı Gənclər Birliyi 20 Yanvar şəhidlərinin xatirəsini "Vətən bölünməzdir - Şəhidlər ölməzdir" devizi altında yad edib.
Birlikdən Trend-ə verilən məlumata görə, Kiyev şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Ukraynanın bir sıra gənclər təşkilatları rəhbərlərinin, diplomatların və diaspor fəallarının qatıldığı tədbirdə dövlət müstəqilliyimiz uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızlarımızının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
20 Yanvar hadisələrini çağdaş Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi adlandıran Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva müstəqilliyimiz və torpaqlarımız naminə canlarından keçən oğul və qızlarımızın keçdiyi şərəfli yolun dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir aərbaycanlı gənc üçün örnək olduğunu diqqətə çatdırıb. "20 Yanvar şəhidləri bizlərə cəsurluğu, Vətən üçün canından keçməyi, müstəqil yaşamaq amalını, mübarizlik əzmini öyrətdi", - deyən İ.Allahverdiyeva bu gün işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunması naminə hər bir azərbaycanlı gəncin silaha sarılmağa hazır olduğunu bəyan edib.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin konsul məsələləri üzrə 2-ci katibi Mübariz Cəfərov, Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukraynanın xalq artisti Qurban Abbasov, Krım Tatar Gənclər Mərkəzinin sədrinin müavini İsmail İsmailov və digər yerli Ukrayna gənclər təçkilatlarının rəhbərləri çıxış edərək, Qanlı Yanvar faciəsindən 26 il ötməsinə baxmayaraq, dünya birliyinin və nüfuzlu beynəlxalq təşkilatların başda Mixail Qorbaçov olmaqla, o zamankı sovet rəhbərliyi haqqında heç bir ölçü götürməməsini tarixi ədalətsizlik kimi dəyərləndiriblər.
Mərasimdə Azərbaycan xalqının şərəf tarixi olan 20 Yanvar hadisələrinin dünya durduqca qəhrəmanlıq təcəssümü kimi xatırlanacağı, şəhid oğul və qızlarımızın fədakarlığının isə gələcək nəsillərə örnək göstəriləcəyi bildirilib.