Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanın Rusiyanın turizm şirkətləri ilə əməkdaşlığının gücləndirilməsi üçün yeni layihə hazırlanıb.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Turizm Assosiasiyasının (AzTA) təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri və hotel nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə Azərbaycanda gəlmə (incoming) turizmin inkişaf etdirilməsi, xarici turistlərin, xüsusilə də rusiyalı turistlərin ölkəyə cəlb olunması istiqamətində birgə fəaliyyət imkanları müzakirə olunub.
Görüşdə çıxış edən AzTA-nın sədri Nahid Bağırov bildirib ki, bu gün ölkəmizə xarici turistlərin cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Eyni zamanda turizm şirkətləri və hotellər bu işdə qarşılıqlı fəaliyyət göstərməlidirlər.
AzTA-nın Gəlmə Turizm Komitəsinin rəhbəri Murad Kərəmov ölkəyə xarici turistlərin cəlb olunmasında yeni turizm məhsullarının yaradılmasının vacibliyini qeyd edib.
Tədbirdə Rusiya turizm şirkətləri ilə əməkdaşlığın gücləndirilməsi və bu ölkədən turistlərin cəlb olunması üçün "Victory Tour", "Millenium Tourism" və "Improtex Tour"un birlikdə hazırladıqları layihə təqdim olunub.
Məlumat verilib ki, "təminatlı tur" adlanan turpaketlərdə yerli turizm şirkətləri hotellərdə Rusiyadan ən çox turistin gələcəyi mümkün tarixləri rezervasiya etmədən birbaşa alacaqlar. Bununla gələcəkdə baş verəcək qiymət fərqinin aradan qaldırılması mümkün olacaq. O zaman hər hansı bir səbəbdən qrupun əksəriyyəti gəlməsə də, tur reallaşacaq, yaxud tur ləğv olunsa belə, hotellərə sifariş edilən yerlər üzrə ödəniş həyata keçiriləcək. Turizm şirkətləri bununla müəyyən qədər risk etmiş olacaqlar. Amma ümid edilir ki, risk özünü doğruldacaq.
Bu turpaketlərə əlavələrin olunması, həmçinin digər turizm şirkətlərinin və hotellərin vahid qiymət siyasəti yeritməklə cəlb edilməsi ilə bağlı müzakirələr aparılıb.