...

Pullu təhsil almaq istəyənlərin məktəblərə qəbulu necə həyata keçiriləcək?

Cəmiyyət Materials 19 Aprel 2016 14:24 (UTC +04:00)
Azərbaycanda dövlət, özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil üzrə qəbul planı ləğv edildikdən sonra ödənişli əsaslar üzrə tələbə qəbulunun aparılması üçün hər bir ali və orta ixtisas təhsili müəssisəsinin nə qədər tələbə qəbul edə bilməsi (tutumu) müəyyən ediləcək.
Pullu təhsil almaq istəyənlərin məktəblərə qəbulu necə həyata keçiriləcək?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda dövlət, özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil üzrə qəbul planı ləğv edildikdən sonra ödənişli əsaslar üzrə tələbə qəbulunun aparılması üçün hər bir ali və orta ixtisas təhsili müəssisəsinin nə qədər tələbə qəbul edə bilməsi (tutumu) müəyyən ediləcək.

Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, bu yeniliyin tətbiqi zamanı həmin tutum çərçivəsində ali təhsil müəssisələri üçün məhdudiyyət qoyulmayacaq: "Amma bu, o demək deyil ki, ümumiyyətlə, məhdudiyyət olmayacaq. Həmin yerlər üzrə müsabiqədə iştirak etmək üçün müəyyən bal həddi tələb olunacaq. Bəzi adamlar elə başa düşürlər ki, plan yeri konkret müəyyənləşdirilməyibsə, həmin yerlərə istənilən balla qəbul olunmaq mümkün olacaq. "Plan yeri ləğv olundu, ona görə də mən tutaq ki, 40-50 balla universitetə qəbul olunacağam" kimi yanaşmanın olması düzgün deyil. Müsabiqə vəziyyəti həmişə yaranıb, yenə də yaranacaq. Tələb olunan minimal baldan aşağı toplayan heç bir abituriyent onsuz da ali təhsil müəssisəsinə qəbul olunmayacaq. Yəni, yalnız minimal balı toplamaqla ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli qəbul mümkün olacaq. Yer məhdudiyyəti isə aradan qalxacaq. Plan yerləri yalnız ödənişsiz şəkildə oxumaq istəyənlərə şamil ediləcək".

N.Əliyev dövlət sifarişi üzrə tələbə qəbulunun ixtisas istiqamətləri üzrə deyil, konkret ixtisaslar üzrə müəyyən edilməsini məqsədə müvafiq hesab etdiyini qeyd edib: "Məsələn, dövlət sifarişi üzrə plan yerlərini xarici dillər üzrə ümumi deyil, ayrı-ayrı xarici dillər üzrə mütəxəssislərə olan tələb və ehtiyac nəzərə alınmaqla bölmək daha düzgün olardı. Belə olduqda, məsələn, urdu dili üzrə təhsil almaq istəyən gənclərin də dövlət sifarişi əsasında təhsil almasına daha çox imkan yaranardı".

N.Əliyev hesab edir ki, bu, hazırda əmək bazarında ehtiyac duyulan, lakin gənclər arasında bir o qədər də populyar olmayan və prestijli hesab edilməyən müxtəlif ixtisaslar üzrə gənclərin dövlət sifarişi əsasında təhsil almağa həvəs göstərmələrinə stimul yaradacaq.

Onun sözlərinə görə, tətbiq olunacaq yenilik nəticəsində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizmi daha da təkmilləşəcək.

Qeyd edək ki, "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, Azərbaycanda dövlət, özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyən edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti