...

UNEC rektoru: “Türk Dünyası İqtisadçılar Birliyi beynəlxalq elmi əməkdaşlığın yeni müstəvisidir” (FOTO)

Cəmiyyət Materials 26 May 2016 11:17 (UTC +04:00)
Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Astanada “Böyük Çöl” I Beynəlxalq Humanitar Elmlər Forumu keçirilib.
UNEC rektoru: “Türk Dünyası İqtisadçılar Birliyi beynəlxalq elmi əməkdaşlığın yeni müstəvisidir” (FOTO)

Bakı. Trend:

Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Astanada "Böyük Çöl" I Beynəlxalq Humanitar Elmlər Forumu keçirilib.

Trend-ə verilən məlumata görə, Nazarbayev Mərkəzində təşkil olunan forum türkdilli ölkələrin müstəqilliyinin 25 illiyi və Türk Yazı Gününə həsr olunub. Forumda Qazaxıstanın dövlət katibi Gülşara Abdılxalıkova, türkdilli dövlətlərdən, eləcə də dünyanın bir çox ölkələrindən rəsmi nümayəndələr, beynəlxalq təşkilatların rəhbərləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, 20 ölkənin ekspert və alimləri iştirak edib.

Forumda Türk Akademiyası tərəfindən türkçülük elminin inkişafında göstərdikləri xidmətlərə görə bir sıra elm xadimlərinə qızıl medal təqdim edilib. Həmçinin, tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nu müasir ədəbiyyatın görkəmli nümayəndəsi və tanınmış ictimai xadim Oljas Süleymanova təqdim edib.

Mötəbər tədbirdə Azərbaycanı Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, Türk Dünyası İqtisadçılar Birliyinin sədri, professor Ədalət Muradov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun professoru Zaur Həsənov, Milli Məclisin deputatları Cavanşir Feyziyev, Sevinc Hüseynova və digər nümayəndələr təmsil edib.

Forumun "Avrasiyada elmi əməkdaşlıq və inteqrasiya: Çağdaş yanaşmaları axtarmaq" adlı birinci panelində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, Türk Dünyası İqtisadçılar Birliyinin (TÜRKİB) sədri, professor Ədalət Muradov "Avrasiyada elmi əməkdaşlığın yeni müstəvisi: Türk Dünyası İqtisadçılar Birliyi" mövzusunda elmi məruzə ilə çıxış edib. Rektor öz məruzəsində Avrasiyada elmi əməkdaşlıq və inteqrasiyanın dərinləşdirilməsinin zəruriliyi və əhəmiyyətini vurğulayıb. Bildirib ki, türk dünyası ilə bağlı çoxəsrlik elmi tədqiqatların təhlili və qiymətləndirilməsi göstərir ki, bu arealın ən az tədqiq edilən sahəsi məhz iqtisadiyyatdır. Tarixə böyük mədəniyyət layihələri ilə çıxmış, bu gün də dünya resurslarının və imkanlarının mühüm hissəsini öz nəzarətində saxlayan türk dünyasının keçmişi və gələcəyi ilə bağlı iqtisadi təmələ dayanmadan sağlam elmi fikirlər irəli sürmək isə heç şübhəsiz ki, hər zaman çətin olacaq. Məhz bu məntiqdən çıxış edərək, biz UNEC olaraq, Beynəlxalq Türk Akademiyası ilə birgə uzun sürən müzakirələr apardıq və Türk Dünyasında iqtisadi tədqiqatların stimullaşdırılması, birgə iqtisadi araşdırmaların aparılması məqsədilə yeni elmi əməkdaşlıq müstəvisinin yaradılmasını qərara aldıq.

TÜRKİB çərçivəsində görüləcək işlərin nüvəsinin elmi fəaliyyətlər təşkil edəcəyini vurğulayan rektor, həyata keçiriləcək elmi fəaliyyətlərdə xüsusi əhəmiyyət verilməsi zəruri olan mövzulara toxunub. Bildirib ki, TÜRKİB türk dünyasının iqtisadi tarixi, müasir iqtisadi potensialının qiymətləndirilməsi və iqtisadi inkişaf perspektivləri ilə bağlı tədqiqatlar aparmağı zəruri hesab edir. "Qədim Çin mənbələrinin "dəmirçi" adlandırdığı, qədim zamanlardan heyvandarlıq, əkinçilik, mədənçıxarma, toxuculuq, dəriçilik və sənətkarlıq sahələrində çalışan, "Böyük İpək Yolu", "Kürk Yolu", "Ədviyyat Yolu" kimi beynəlxalq ticarət yollarına nəzarət edən türklərin dünyanın istehsal və ticarət mədəniyyətinə verdiyi mühüm töhfələrin üzə çıxarılması və elm dünyasına qazandırılması istər türk iqtisadi tarixi, istərsə də dünya iqtisadi tarixi baxımından böyük əhəmiyyətə malikdir" deyə, Ə. Muradov qeyd edib.

Çıxışında Türk respublikalarının müasir iqtisadi potensialına da toxunan Ə.Muradov bildirib ki, bu gün türk respublikaları 140 milyonluq əhalisi, 4,8 milyon km2-lik ərazisi və 1,5 trilyon dollarlıq ÜDM-si ilə dünyanın və regionun önəmli iqtisadi potensialını özlərində cəmləyib. Bu respublikalar, eyni zamanda dünya enerji resurslarının cəmləşdiyi mühüm coğrafiyalardandır. Bu gün dünya neft ehtiyatlarının 3,5%-i, təbii qaz ehtiyatlarının isə 6,9%-i məhz türk respublikalarının payına düşür. Bununla yanaşı, bu respublikaların dünyanın mühüm ticarət və enerji koridorlarında yerləşməsi tranzit nəqliyyatın, geniş məhsuldar torpaqlara malik olmaları kənd təsərrüfatı potensiallarının yüksək olmasını şərtləndirir. Eləcə də zəngin tarixi və təbiəti turizmin, olduqca gənc, dinamik və təhsilli əhalisi isə yüksək insan potensialından xəbər verir. Bu potensialların düzgün qiymətləndirilməsi, onların milli iqtisadi inkişaf proqramlarında əks etdirilərək reallaşdırılması heç şübhəsiz ki, bu sahədə ciddi elmi tədqiqat işlərinin aparılmasından asılı olacaqdır".

Ə.Muradov türk dilinin bütün ləhçələrində iqtisadi tədqiqat və tədris imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb: "Bu sahədə TÜRKİB-in edə biləcəyi işlər arasında türk dilində iqtisadi terminlərin inkişaf etdirilməsi, türkcə nüfuzlu iqtisadi jurnalların yaradılması, humanitar elmlər sahəsində türk dünyası sitatgətirmə indekslərinin formalaşdırılması ("social science citation index" kimi), ali məktəblərdə istifadə ediləcək ortaq tədris vasitələrinin hazırlanmasını xüsusilə əhəmiyyətli hesab edirik. Bu istiqamətdə atılacaq ən mühüm addımlardan biri də hər il oktyabrın 3-də - "Türkdilli ölkələrin əməkdaşlıq günü"ndə TÜRKİB Elmi Forumlarının keçirilməsi ola bilər. Bu forumların hər birinin türk dünyasının bir şəhərində keçirilməsinin daha effektli olacağını düşünürük".

Hesab edirik ki, TÜRKİB-in ən böyük xidmətlərindən biri məhz çoxcildlik "Türk Dünyası İqtisadiyyat Ensiklopediyası"nın hazırlaması ola bilər, deyən rektor, türk dünyası iqtisadçıları arasında ensiklopediyaçılıq ənənəsinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, bu sahədə görüləcək mühüm işlərdən birinin türk respublikalarında yazılmış iqtisadiyyat sahəsindəki dissertasiyaların kataloqunun hazırlanması və onun elektron versiyasının yaradılması iqtisadçılar arasında elmi əməkdaşlığın müxtəlif istiqamətlərdə sürətli inkişafına ciddi təkan verə biləcəyini qeyd edib.

TÜRKİB sədri türk dünyası ilə bağlı analitik nəşrlər və hesabatların hazırlanmasını da təklif edib: "Bunlar həm türk coğrafiyasında iqtisadi təfəkkürün inkişafına xidmət edə bilər, həm də bu coğrafiyada effektli iqtisadi qərarların alınması üçün əlverişli və etibarlı informasiya mənbəyi rolunu oynaya bilər. Artıq bu istiqamətdə qərarlarımız var. İlk olaraq bu ilin sentyabrında TÜRKİB-in "Türk Dünyası İqtisadi Aylığı"nı (Turkic World Economic Monthly) e-nəşr formasında həyata keçirməyi planlaşdırırıq. Eyni zamanda da hər il "Türk Respublikalarının sosial-iqtisadi göstəriciləri" adlı statistik hesabatı nəşr etməyi də qarşımıza məqsəd qoymuşuq.

TÜRKİB-i yaratmaqla, türk dünyasında və bütövlükdə Avrasiya coğrafiyasında elmi əməkdaşlığın yeni bir müstəvisinin təməlini atmış oluruq, deyən Ə.Muradov, bildirib ki, bu qurum və onun nəzərdə tutulan istiqamətlər üzrə fəaliyyəti ölkələrimizdə iqtisad elminin və tədrisinin inkişafı baxımından yeni imkanlar açacaq, dövlət başçılarımızın Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası başda olmaqla, digər çoxtərəfli müstəvilərdə elm, təhsil və iqtisadiyyat sahələrində aldıqları qərarların reallaşdırılması işinə öz tövhələrini verəcək.

Sonda UNEC rektoru tədbir işitakçılarını TÜRKİB-ə üzv olmağa və onun fəaliyyətində aktiv iştiraka dəvət edib. O, qeyd edib ki, üzvlük üçün Birliyin rəsmi internet səhfəsindən (http://turkib.unec.edu.az) müvafiq müraciət anketinin (fərdi və ya korporativ) doldurularaq, TÜRKİB katibliyinə göndərilməsi ([email protected]) kifayətdir.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürürək - tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif - elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti