...

Bakıda Azərbaycan-Norveç sülh körpüsü (FOTO)

Cəmiyyət Materials 15 İyul 2016 16:40 (UTC +04:00)
Bakıda “Flame Towers”da Nuridə Qurbanova Mərkəzi tərəfindən təşkil olunan "Azərbaycan-Norveç sülh körpüsü" adlı tədbir keçirilib.
Bakıda Azərbaycan-Norveç sülh körpüsü (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

Bakıda “Flame Towers”da Nuridə Qurbanova Mərkəzi tərəfindən təşkil olunan "Azərbaycan-Norveç sülh körpüsü" adlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə görkəmli ictimai xadimlər, mədəniyyət, incəsənət, elm, diplomatik missiyaların nümayəndələri, Norveçdən olan fəxri qonaqlar iştirak ediblər.

Ötən gün tədbir iştirakçıları və Norveçdən olan qonaqlar – bu ölkənin sabiq Baş naziri Şyel Maqne Bundevik (1997-2000, 2001-2005), parlament deputatı, “Dialogue for Peace” Fondunun (Sülh naminə dialoq) prezidenti Əmir Şeyk Fəxri Xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər və onun məzarı önünə əklil qoyublar.

Norveçli qonaqlar Azərbaycan paytaxtının görməli yerlərinə də baş çəkərək Bakının gözəlliyinə, onun qədim və müasir memarlığına heyran olduqlarını bildiriblər.

Gecə iki ölkənin dövlət himnləri ilə açılıb. Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev qeyd edib ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm İli” elan edilib. Vurğulanıb ki, ölkədə bütün dinlərin və millətlərin nümayəndələri mehriban və azad yaşayır, Azərbaycanda tolerantlıq mühiti bütün dünya üçün nümunədir.

Q.Əliyev əlavə edib ki, Azərbaycan indi də çoxmillətli, çoxkonfessiyalı ölkədir, burada bütün dinlərin və etnik qrupların nümayəndələri dsülh şəraitində yaşayırlar: “Azərbaycanda multikulturalizmin əsasında xalqın ənənələri, mədəniyyəti, intellekti və potensialı, həm vətəndaş cəmiyyətinin, həm də dövlətin böyük məsuliyyəti dayanır. Demokratik Azərbaycanda dini etiqad, söz azadlığı təmin olunub, insan hüquqları qorunur, dövlətimizin mədəniyyətlərarası dialoq, multikulturalizm və sülh siyasətinin dəyərləri bütün dünyada yüksək qiymətləndirilir".

Q.Əliyev bildirib ki, Azərbaycan ərazisinin 20 faizi Xocalıda soyqırım törədən Ermənistan tərəfindən işğal olunub, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün doğma evlərinə qayıda bilmir.

O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanması beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının Nizamnaməsinə, qətnamələrinə əsaslanmalıdır.

Sonda Q. Əliyev "Dobrıy svet” Akademiyasının və Mədəniyyət üzrə Beynəlxalq Qadın Şurasının prezidenti, UNCOPA sülh missiyasının səfiri, Rusiya Beynəlxalq Yaradıcılıq Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru Nuridə Qurbanovaya sülhməramlı fəaliyyətinə görə dərin minnətdarlığını bildirib, onun xalqlar arasında sülh və dostluğun möhkəmlənməsində ictimai fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra çıxış edən Norveçin sabiq Baş naziri Ş.M.Bundevik və parlamentin deputatı Ə.Şeyk qonaqpərvərliyə görə səmimi təşəkkürlərini bildiriblər, regional inkişaf və təhlükəsizliyə, sabitliyə və multikulturalizmə əhəmiyyətli töhfə verən Azərbaycanın sülhsevər siyasətini, ölkənin liderlik mövqeyini yüksək qiymətləndiriblər, ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik, ayrı-seçkilik, müharibə və terrora qarşı ciddi mübarizə aparmağa çağırıblar. Qeyd edilib ki, multikulturalizm dəyərlərinin möhkəmlənməsi çox müsbət tendensiya olacaq və bütün məsuliyyətli siyasətçilər bu müsbət dinamikaya öz töhfəsini verməlidir.

Norveçli qonaqlar müxtəlif ölkələrin xalqları arasında sülhün möhkəmləndirilməsi və dostluq körpülərinin qurulması işində müsəlman qadını kimi N.Qurbanovanın rolunu xüsusi qeyd ediblər.

Qarabağ müharibəsi qəhrəmanı, "Azərbaycan Bayrağı" ordeni kavaleri İbad Hüseynov da qeyd edib ki, dini tolerantlığın, qarşılıqlı anlayışın, multikulturalizmin ortaq dəyərləri regionda yaşayan insanların həyatını daha yaxşı etməlidir, Azərbaycan torpağı olan Qarabağ erməni işğalından azad edilməlidir.

Qonaqlara N.Qurbanovanın bu ilin aprelində Norveçin paytaxtı Osloya səfəri barədə videomaterial təqdim olunub, Osloda o, “Dialogue for Peace” Fondunun (Sülh naminə Dialoq) fəxri mükafatı ilə təltif olunub. Mükafatı ona Ş.M.Bundevik və Ə.Şeyk təqdim ediblər. Səfər çərçivəsində N.Qurbanova Nobel Mükafatı Mərkəzinə, Oslo meriyasına baş çəkib, ictimai xadimlər ilə görüşlər keçirib.

Sonda N.Qurbanova tədbir iştirakçılarına minnətdarlığını bildirib.

N.Qurbanova deyib: “Mən bərəkətli Azərbaycan torpağı Qarabağda, hazırda işğalçıların əlində olan Şuşa şəhərində anadan olmuşam. Təqribən 25 ildir torpaqlarımız Ermənistan tərəfindən işğal olunub. Azərbaycan problemin sülh yolu ilə həllinin tərəfdarıdır və biz torpaqlarımızdan işğalçı qoşunların dərhal çıxarılmasını tələb edirik, bütün beynəlxalq ictimaiyyəti bu problemə olduqca ciddi yanaşmağa çağırırıq. Bütün insanlar ləyaqət hissi ilə yaşamaq, uşaqlarını dinc və təhlükəsizlik şəraitdə böyütmək istəyirlər. Bütün dinlər eyni dəyərlərin tərəfdarıdır - humanizm, mərhəmət, həmrəylik, sülh. Sülh naminə bütün mütərəqqi bəşəriyyəti birləşdirmək lazımdır”.

N.Qurbanova ictimai sülhməramlı fəaliyyətinə görə “Dialogue for Peace” Fondu tərəfindən “Bridge Building Peace Award” fəxri diplomu və “14th Auqust Committee Norway” Norveç-Pakistan təşkilatı tərəfindən “Pride of Performance Awards” qızıl medalı ilə təltif edilib.

Gecə bayram tortu və klassik musiqinin ifa edilməsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti