...

Azərbaycanda ilk dəfə şüuraltı meditasiyanı əhatə edən "Thetahealing" seminarı keçirilib

Cəmiyyət Materials 15 Noyabr 2017 10:51 (UTC +04:00)
Bu gün Bakıda "tetaçı" Xavər Tağızadənin təqdimatında Azərbaycanda ilk dəfə Şüuraltı Meditasiyanı əhatə edən "Thetahealing" seminarı keçirilib.
Azərbaycanda ilk dəfə şüuraltı meditasiyanı əhatə edən "Thetahealing" seminarı keçirilib

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Bakıda "tetaçı" Xavər Tağızadənin təqdimatında Azərbaycanda ilk dəfə Şüuraltı Meditasiyanı əhatə edən "Thetahealing" seminarı keçirilib.

Trend-in məlumatına görə, seminarda Türkiyədən və Rusiyadan dəvət edilmiş "Thetahealing" mütəxəssisləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminar zamanı X.Tağızadə tetanın insan həyatında rolu, teta terapiya, tetanın tədrisi və tətbiqi haqqında söz açıb.

O bildirib ki, "thetahealing" (şüuraltı meditasiya) elmi və texnologiyası 1995-ci ildə Amerikada yaradılıb və dünyanın 15-dən artıq ölkəsində tətbiq edilir:

“Theta insan beyninin 5 dalğasından biri, healing isə şəfa deməkdir. Məhz bu dalğa sayəsində insan beyni inanılmaz gücə malik olur. Həmin güc vasitəsilə qarşıya çıxan problemlərdən asanlıqla qurtulmaq, hətta ağır xəstəliklərə belə güc gəlmək olur”.

X.Tağızadə qeyd edib ki, teta Azərbaycanda tamamilə yeni bir istiqamətdir. O qeyd edib ki, Azərbaycanda tetanı bilən yox idi: “Yaxın bir dostum mənə bunu öyrətdi və bildirdi ki, bunu Azərbaycanda da tətbiq edə bilərsiniz. Teta ilə daha yaxından maraqlanmağa başladım. Sonra Türkiyədə teta kurslarına qatıldım və tetanı daha dərindən öyrəndim. Hazırda teta terapiyaları həyata keçiririk və tələbələrimiz var. Bu sahəyə maraq getdikcə artır”.

X.Tağızadə tetanın məktəblərdə də tətbiq olunmasının vacibliyini qeyd edib. O qeyd edib ki, imtahan zamanı şagirdlər stress keçirir, bu şüuraltına oturur və gələcəkdə problemlərə səbəb olur: “Şagirdlərə imtahandan əvvəl iki-üç seans teta keçməklə onlara anlatmaq lazımdır ki, imtahan bildiyiniz məsələlərdir, qorxmağa gərək yoxdur, özünü uğurlu nəticəyə kökləmək lazımdır. Mən oğlumla bu təcrübəni aparmışam və o, çox uğurlu imtahan verib”.

X.Tağızadə bildirib ki, teta üçün müraciət edənlər arasında daha çox diabet xəstəliyindən əziyyət çəkənlər olur: “Bir çox diabet xəstələri lazım olan müalicələri yerinə yetirməkdən çəkinirlər. Biz onlara izah edirik ki, diabet heç də bir xəstəlik deyil, həyat tərzidir. Əgər lazımi peraparatları qəbul etsəniz, sizin üçün heç bir problem olmaz”.

Seminar daha sonra müzakirələr formasında davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti