...

BDU-da “Gənc istedadlar” liseyinin 10 illik yubileyi qeyd edilib (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2017 20:12 (UTC +04:00)
Bakı Dövlət Universiteti (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin 10 illik yubileyi münasibətilə tədbir keçirilib.
BDU-da “Gənc istedadlar” liseyinin 10 illik yubileyi qeyd edilib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universiteti (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin 10 illik yubileyi münasibətilə tədbir keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, BDU-nun Böyük akt zalında baş tutan tədbiri açan rektor, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin elm və təhsilə xüsusi diqqət və qayğısının, bu sahədə müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib. Təhsil sistemində irimiqyaslı islahatların həyata keçirildiyini qeyd edən rektor, 17 aprel 2006-cı il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə qəbul edilən “Xüsusi istedada malik olan şagirdlərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq 2007-ci ildən BDU nəzdində “Gənc istedadlar” liseyinin fəaliyyət göstərdiyini bildirib. Rektor 10 il müddətində liseydə gənc istedadları aşkar etmək, onların inkişafına şərait yaratmaq, dərin biliyə, yüksək mənəvi keyfiyyətlərə malik vətənpərvər gənclər kimi yetişmələri istiqamətində həyata keçirilən işləri yüksək dəyərləndirib və qarşıda duran məqsədlərdən danışıb.

Liseyin direktoru, professor Qasım Hüseynov çıxış edərək indiyə qədər lisey məzunların hamısının dövlət ali məktəblərinə qəbul olduqlarını, 330 məzundan 84 nəfərinin qəbul imtahanlarında 600-dən artıq bal topladığını, məzunların 60 nəfərinin BDU-da, 30 nəfərinin xaricdə, o cümlədən Kanadanın Toronto və Vaterloo, Rusiyanın və Türkiyənin nüfuzlu universitetlərində, ODTU və Bilkənd Universitetində təhsil aldıqlarını, 5 nəfərinin Prezident təqaüdünə, 25 nəfərinin qızıl, 4 nəfərinin isə gümüş medala layiq görüldüyünü deyib.

Sonra “Kaspi” Təhsil Şirkətinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva çıxış edərək liseyin şagirdlərinin Respublika və Beynəlxalq olimpiadalarda, müxtəlif intellekt, bilik və idman yarışlarında əldə etdikləri uğurları yüksək qiymətləndirib.

Sonra 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova, liseyin məzun və şagirdlərinin valideynləri adından Prezident yanında İdarəçilik Akademiyasının dosenti Əlövsət Rəcəbli, akademik Ağadadaş Əliyev, liseyin məzunu, kimya fənni üzrə Beynəlxalq Mendeleyev Olimpiadasının və üçqat Respublika Olimpiadasının qalibi Sona Quluzadə, “Gənc istedadlar” liseyinin 11-ci sinfinin əlaçı şagirdi, “Sabahın alimləri” Respublika müsabiqəsinin qalibi Lalə Muradlı çıxış ediblər.

Qeyd edək ki, yubiley mərasimində “Gənc İstedadlar” liseyi ilə 6 saylı məktəb-lisey arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişdə hər iki təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi, tədrisin müxtəlif məsələləri, təhsil işçilərinin peşəkarlıq səviyyəsinin və hazırlığının gələcəkdə daha da yüksəldilməsi üzrə ikitərəfli konfransların və seminarların, təcrübi məşğələlərin və digər bu kimi tədbirlərin təşkili kimi məsələlər nəzərdə tutulub.

Tədbirin bədii hissəsi lisey şagirdlərinin ifasında “Sizə salam gətirmişik” mahnısı və digər mahnı, şeir, rəqs, səhnəcik nümayişləri ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti