...

"Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə veriləcəyi tarix bəlli oldu

Cəmiyyət Materials 6 Yanvar 2018 12:31 (UTC +04:00)
"Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzi yanvarın 13-də sərnişinlərin istifadəsinə veriləcək.
"Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə veriləcəyi tarix bəlli oldu

Bakı. Elçin Mehdiyev - Trend:

"Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzi yanvarın 13-də sərnişinlərin istifadəsinə veriləcək.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bununla əlaqədar müvafiq marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara göstəriş verilib.

Metronun “Dərnəgül” stansiyasının ətrafında yaradılan mübadilə mərkəzinin ərazisində asfalt örtüyü və piyada səkiləri təmir olunub, yol nişanları və nişanlanması təşkil edilib, 5 ədəd yeni avtobus dayanacaq pavilyonu quraşdırılıb. Mərkəz istifadəyə verildikdən sonra burada gün ərzində 11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır. Ərazidə eyni zamanda taksi minik avtomobilləri üçün də duracaqlar müəyyənləşdirilərək nişanlanıb.

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətə başlaması ilə əsasən ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metro stansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürüləcək. Məqsəd günün pik saatlarında metronun “Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısını almaq və sıxlığı aradan qaldırmaqdır.

Qeyd edək ki, hazırda Bakıda “Koroğlu”, “28 May” və “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzləri fəaliyyət göstərir. BNA-nın Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması ilə bağlı hazırladığı konsepsiyaya uyğun olaraq, növbəti belə mərkəzin Beynəlxalq Avtovağzal Kompleksinə yaxın ərazidə yaradılması planlaşdırılır. Eyni zamanda, Bakının bir sıra ətraf kənd və qəsəbələrində bir qədər kiçik Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti