...

Azərbaycan ictimaiyyəti unudulmaz Rauf Talışinski ilə vidalaşıb (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 9 May 2018 14:48 (UTC +04:00)
Bakıda Təzəpir məscidində mərhum jurnalist Rauf Talışinski ilə vida mərasimi keçirilib.
Azərbaycan ictimaiyyəti unudulmaz Rauf Talışinski ilə vidalaşıb (FOTO) (YENİLƏNİB)

İlk xəbər saat 14:01-də yayılıb

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda Təzəpir məscidində mərhum jurnalist Rauf Talışinski ilə vida mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə mətbuat nümayəndələri, ictimai-siyasi xadimlər iştirak ediblər.

Mərasimdə iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, R.Talışinskinin həyatdan köçməsi Azərbaycan jurnalistikası üçün çox ağırdır:

“Çünki Rauf Talışinski müasir Azərbaycan jurnalistikasının formalaşmasında rolu olan önəmli şəxslərdən biri idi. Rauf sözün əsl mənasında peşəkar jurnalist idi. Həm “Zerkalo”, həm də “Exo” qəzetində çalışarkən o, Azərbaycanda rusdilli jurnalistikanın daha da möhkəmlənməsində önəmli rol oynayıb, rusdilli mətbuatın inkişafında böyük xidmətlər göstərib. Hazırda istər “Zerkalo”, istərsə də “Exo” qəzetində çalışan hər bir jurnalist istənilən KİV-ə rəhbərlik edə bilər və istənilən məsələ ilə bağlı beynəlxalq səviyyəli material hazırlaya bilər. Rauf Talışinskinin Azərbaycan jurnalistikasına ən böyük xidmətlərindən biri də bunlardan ibarətdir”.

Ə.Amaşov əlavə edib ki, R.Talışinski prinsipial idi, hadisələrə yalnız peşəkarlıq prizmasından yanaşırdı: “O, eyni zamanda, böyük ziyalı idi. Rauf Talışinskinin adı Azərbaycan jurnalistikasına elə həkk olunub ki, heç zaman unudulmayacaq və həmişə xatirəsi anılacaq”.

Vida mərasimində iştirak edən mərhumun ailə üzvləri, yaxınları, media təmsilçiləri də onunla bağlı xoş xatirələrini bölüşüblər.

Tanınmış qələm sahibi Rauf Talışinski "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, ötən gün respublikanın əməkdar jurnalisti, "Exo" qəzetinin baş redaktoru Rauf Talışinski (Talışinski Rauf Rəfail oğlu) ömrünün 62-ci ilində dünyasını dəyişib.

1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra "Molodyoj Azerbaydjana", "Vışka" qəzetlərində çalışıb. "İzvestiya" qəzetinin Azərbaycan üzrə müxbiri olub.

R.Talışinskinin həyat və yaradıcılığı peşəsi üçün fədakarlıq nümunəsidir. Ən çətin zamandan - 1990-cı ildən "Ayna-Zerkalo" qəzetinə rəhbərlik edib. Bu nəşrdəki, eləcə də 2001-ci ildən baş redaktoru olduğu "Exo" qəzetindəki fəaliyyəti ilə müasir Azərbaycan jurnalistikasının formalaşmasına böyük xidmət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti