Bakı. Cani Babayeva - Trend:
Məşqçi çıxışımızdan razı qaldı. Bunu Trend-ə Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda Maksim Karavayevlə birgə çıxış edən rusiyalı gimnast Timofey İvanov deyib.
O, çıxışlarının ümumilikdə pis alınmadığını bildirib: "Çıxışımızı bəyəndim, lakin, əlbəttə, qeyri-dəqiqliklər oldu. Məşqçi də hər şeyin yaxşı olduğunu, bununla belə nöqsanları da qeyd etdi. Biz bu nöqsanları aradan qaldıracağıq".
Azərbaycanda yarışda ilk dəfə iştirak etdiyini deyən rusiyalı idmançı Milli Gimnastika Arenasını çox bəyəndiyini deyib:
"Dünya Kuboku çox yaxşı təşkil olunub. Hər şey xoşuma gəldi, bizim üçün hər cür şərait yaradılıb. Bakının Milli Gimnastika Arenası isə çox böyük və gözəldir, burada yaxşı ab-hava var".
O bildirib ki, nəticə barədə danışmaq hələ tezdir: "Əsas odur ki, hər şeyi yaxşı edək, bacarığımızı hamıya göstərə bilək, qalanı isə hakimlərin işidir".
Qeyd edək ki, Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Milli Gimnastika Arenasında iki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.