...

Paytaxtda iki dairədə nəqliyyat şəraiti yaxşılaşdırılır (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2019 15:54 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Paytaxtın yol infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində 4-cü mikrorayon və Biləcəri dairələri kimi tanınan ərazilərdə işlərə başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, həyata keçiriləcək bu tədbirlər hər iki dairədə nəqliyyat şəraitinin yaxşılaşdırılmasına, mütəmadi olaraq müşahidə edilən tıxac və sıxlıq hallarının minimuma endirilməsinə, bundan başqa, konflikt nöqtələrinin aradan qaldırılması ilə yol hərəkətinin təşkilində ən prioritet məsələlərdən biri olan piyada təhlükəsizliyinin təmin edilməsinə şərait yaradacaqdır.

4-cü mkr. dairəsində hərəkətin səmərəliliyinin artırılması məqsədilə mövcud dairənin həndəsi ölçüləri dəyişdirilir. Cavadxan (Memar Əcəmi metrostansiyası istiqamətindən) və 20 Yanvar küçələrindən dairəyə daxil olan və geriyə dönmə hərəkətini yerinə yetirmək istəyən nəqliyyat vasitələrinin maneəsiz hərəkətinin təşkil edilməsi məqsədilə dairədə geriyə dönmə yerinin təşkili planlaşdırılır. Hüseyn Seyidzadə küçəsi və Mir Cəlal küçəsi vasitəsilə dairəyə doğru hərəkət edib, Z.Bünyadov prospekti istiqamətinə yönəlmək istəyən nəqliyyat vasitələrinin isə dairəyə daxil olmadan düzünə hərəkəti təşkil ediləcək. Cavadxan və Hüseyn Seyidzadə küçəsinin kəsişməsində hərəkətin kanallaşdırılması məqsədilə ayırıcı adacıq inşa olunacaq. Hüseyn Seyidzadə küçəsi vasitəsilə (Eldar Babayev küçəsi istiqamətindən) dairə istiqamətində hərəkət edib sağa, Cavadxan küçəsinə yönəlmək istəyən nəqliyyat vasitələri üçün isə əlavə zolaq yaradılacaq.

Biləcəri dairəsi adlanan ərazidə də dairənin həndəsi ölçüləri dəyişdirilir. Həmçinin, nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılır, mövcud avtobus dayanacaq məntəqələrinin yerləri dəyişdirilir. Həm dairənin, həm də Natavan və Rəşid İsmayılov küçələrinin kəsişməsində hərəkət svetoforlarla tənzimlənəcək. Piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi məqsədilə nizamlanan piyada keçidlərinin təşkili nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti