...

Zakir İbrahimov: Uğurlu idarəçi zəhmətkeş olmalı və daimi öz üzərində çalışmalıdır

Cəmiyyət Materials 12 Mart 2020 18:13 (UTC +04:00)
“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi geridə qaldı.
Zakir İbrahimov: Uğurlu idarəçi zəhmətkeş olmalı və daimi öz üzərində çalışmalıdır

Bakı. Trend:

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi geridə qaldı. Müsabiqədə potensialını lazımınca göstərə bilənlər artıq yeni imkanlara və təcrübələrə doğru yola çıxırlar. Təbii ki, bu uğurlu yolda namizədlərin ölkənin böyük təcrübəyə malik peşəkarları, şirkətlərin, dövlət qurumlarının rəhbərləri ilə görüşü baş tutacaq. Onlar əyani şəkildə idarəçi menecerlərin iş mühitində peşəkar tövsiyələrindən yararlanacaqlar. Bildiyiniz kimi, “Yüksəliş” (https://yukselish.az/mentors.html), Azərbaycanın ən tanınmış idarəçilərindən ibarət böyük və güclü rəhbər heyətini ətrafına toplayıb. "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimov həmin heyətin üzvləri sırasındadır.

Trend-in məlumatına görə, Zakir İbrahimov bildirib ki, uğurlu idarəçi mütləq mənada qarşıya qoyulmuş hədəflərə nail olan şəxsdir: “Bu hədəflərə nail olmağın ilkin şərti yüksək nəticəli peşəkar komanda formalaşdırmaq bacarığıdır. Uğurlu idarəçi liderlik xüsusiyyətlərinə sahibdir, məsuliyyətlidir, qərar və məqsədlərinin doğru olduğunu tərəfdarlarına sübut etməklə özünəinam qazanmağı bacarır. Uğurlu lider kompetensiyalıdır. Həvəsləndirməyi bacaran insandır. Uğurlu idarəçi intellektualdır, strateji düşüncə bacarığına malikdir. O, böyük həcmdə informasiyanı analiz edərək dəqiq nəticələr çıxarır. O, problemləri həll edir və doğru qərarlar verir”.

Zakir İbrahimov qeyd edir ki, əsas şərtlərdən biri də idarəçi rəhbərin uzaqgörənlik, müxtəlif situasiyalarda ədalətli mühakimə vərdişlərinə sahib olmasıdır: “Uğurlu idarəçi yeniliklərə açıq, ideyaları qiymətləndirməyi bacaran, müasir yanaşmaları tətbiq etməklə işin səmərəliliyini artırmağa nail olan şəxsdir”.

Risklərin düzgün idarəedilməsi bacarığı idarəçi əsas keyfiyyətlərdən biridir

QSC sədri hesab edir ki, peşəkarlığın ən yüksək səviyyəsinə mütəmadi təcrübə olmadan çatmaq qeyri-mümkündür. Uğurun sirrinin istedadda yox, yüksək işləmə bacarığında olduğu haqda tanınmış sosioloq və jurnalist Malkolm Qladuelin “Dahilər və autsayderlər” adlı kitabında da bəhs edilir. “İdarəedici mövqeyinə yüksəlmək istəyən şəxslərə yüksək nailiyyət həvəsini daim artırmağı, ambisiyalı olmağı, fəaliyyətlərində yorulmadan təşəbbüskarlıq göstərməyi tövsiyə edirəm. İdarəçi olmağa iddia edən şəxslər daim öz üzərlərində işləməli, fərdi bacarıqlarını inkişaf etdirməlidirlər. İşgüzarlıq, məsuliyyətlilik, risklərin idarəedilməsi bacarığı, peşəkar ünsiyyət mədəniyyəti, iş vaxtının səmərəli bölüşdürülməsi, insanları düzgün qiymətləndirmə, əmək resurslarının səmərəli istifadəsi, rasionallıq peşəkar və uğurlu idarəçidə vacib keyfiyyətlərdir”.

Ölkənin ən irimiqyaslı müsabiqəsinin qaliblərinin də yüksək peşəkarlıq, üstün mənəvi keyfiyyətlərə malik idarəçilər olacağına əminliyini ifadə edən Zakir İbrahimov “Yüksəliş” müsabiqəsindən böyük gözləntilərinin olduğunu deyib:Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət idarəetmə sistemi yeni bir mərhələyə qədəm qoyub. İdarəetmə sisteminin ən vacib elementi olan kadrların seçilməsi yeni bir mexanizm əsasında həyata keçirilir, bütün ölkə vətəndaşlarına dövlət idarəçiliyində təmsil olunmaq üçün bərabər imkanlar yaradılır. “Yüksəliş” müsabiqəsinin təşkili ölkədə gənclərin karyera qurmasına dəstək və kadr ehtiyatı bankının yaradılması baxımından olduqca faydalı təşəbbüsdür. Bu müsabiqənin yekununda əminəm ki, qeyri-neft sənayesinin əsas tərkib hissələrindən biri olan dağ-mədən sahəsinin də faydalana biləcəyi bacarıqlı, işgüzar və layiqli yeni kadrlar üzə çıxarılacaq. Müsabiqədə iştirak edən bütün iştirakçılara uğurlar arzu edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti