...

Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslər keçirilir

Cəmiyyət Materials 6 Aprel 2020 15:04 (UTC +04:00)
Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslər keçirilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin qrup və dərnəklərinə cəlb edilən məktəblilər üçün onlayn formatda dərslər keçirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dərslərin keçirilməsinə aprelin 1-dən start verilib.

Fəaliyyət müəssisələr tərəfindən müəyyən olunmuş qrafikə uyğun olaraq ev şəraitində keçirilməsi mümkün olan istiqamətlər üzrə təşkil edilir. Məşqçi-müəllim və dərnək rəhbərləri müxtəlif proqram təminatlarından yararlanaraq məktəbliləri interaktiv tədris prosesinə cəlb edir, onların fiziki sağlamlıqlarının təmin edilməsi üçün idmanın ayrı-ayrı növləri üzrə məşq prosesi, yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün rəqs, rəsm, bacarıqlı əllər, bədii qiraət, ifa, biçmə-tikmə, erudit və digər sahələr üzrə dərslər təşkil edir, mövzuya uyğun sual-cavab, fikir mübadiləsi aparmaq imkanı yaradır.

Qeyd edək ki, müxtəlif istiqamətlər üzrə keçirilən onlayn dərslərə iki mindən artıq məktəbli qatılıb. Məqsəd koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti olaraq dayandırıldığından məktəblilərin ev şəraitində asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaq, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarının inkişaf etdirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti