Bakı. Trend6
Bu il Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü münasibətilə, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) 1.8 milyon ABŞ dolları dəyərində qadınlara qarşı zorakılıq məsələlərinin həlli istiqamətində yeni layihəyə start verir. USAID-in maliyyələşdirdiyi dörd illik layihə eyni zamanda qadınların iqtisadi səlahiyyətləndirilməsini də dəstəkləyəcək.
“Bu gün mürəkkəb ictimai-siyasi və hərbi vəziyyət, COVİD-19 pandemiyasının mövcudluğuna baxmayaraq, gender əsaslı zorakılıqla mübarizə sahəsində fəaliyyət davam etməkdədir. Keçən müddət ərzində gender bərabərliyinin təmin edilməsi, qadınların inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər görülmüş, qərarlar qəbul edilmişdir. Gender əsaslı məişət zorakılığına qarşı mübarizəni daha operativ təmin etmək məqsədilə zorakılıq qurbanlarına daha çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsinin optimallaşdırılması, qurbanların sığınacaqlara yerləşdirilməsinin asanlaşdırılması və digər məsələlər diqqət mərkəzindədir.”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
"Gender əsaslı zorakılıqdan danışarkən biz çox vaxt diqqətimizi qurbanlara, əsasən, qadınlara və qızlara yönəldirik. Bunun yerinə biz özümüzə daha çətin və şəxsi suallar verməliyik: cinayətkarlar kimlərdir, ki bunlar əsasən kişilərdir, və nə üçün biz onların qadın və qızları məruz qoyduğu zorakılığı görməzdən gəlirik? Biz bu layihəni başladarkən, özümü və hər kəsi gender əsaslı və məişət zorakılığının qarşısı alınmasında o baş verməmişdən öncə oynadığımız rol haqqında düşünməyə dəvət edirəm." – USAID-in missiya direktoru Dr. Cey Sinqx qeyd edib.
“Bu gün layihənin əhəmiyyəti daha aktualdır. Bu layihə qadınların sağlamlıq, hüquq və sosial dəstək kimi vacib xidmətlərə çatımlılığını təmin edəcək, eləcə də ölkədə qadınların iqtisadi səlahiyyətləndirilməsinin sürətlənməsinə öz töhfəsini verəcək. COVİD-19 dövründə qadınların çiyinlərinə müqayisəolunmaz bir yük düşür. Onlar məktəbə gedə bilməyən övladlarının təhsili ilə maraqlanmalı, eləcə də yaşlı ailə üzvlərinin qayğısına qalmalıdırlar. Qadınlar həm də ev təsərrüfatının gətirdiyi iqtisadi stresslə və artan sosial izolyasiya səbəbindən həmişəkindən daha çox məişət zorakılığna məruz qalma təhlükəsi altındadırlar”, BMTİP-nin Rezident nümayəndəsi Alessandro Frakassetti vurğulayıb.
“Qadınlara və Qızlara dəstək olaq” layihəsi Qadın Resurs Mərkəzi ilə birgə işləyərək qadınlar və qızlara psixoloji xidmətlər və ailə məsləhətçiliyi təqdim edəcək, onlar üçün daha təhlükəsiz yerlər yaratmağa kömək edəcək. Mobil klinikalar vasitəsilə təqdim olunacaq bu xidmətlər, 1100 məişət zorakılığından əziyyət çəkmiş şəxslərə dəstək olacaq.
Layihə, Qadın Resurs Mərkəzlərinin imkanlarını genişləndirəcək, bu isə öz növbəsində qadınların iqtisadi səlahiyyətləndirilməsini yeni səviyyəyə çıxaracaq. Bu müddətdə sahibkar qadınlara təlimlər və biznes məsləhəti xidmətləri təqdim ediləcək, özəl sektorla iş çərçivəsində isə peşə təlimi və təcrübə proqramları üçün yeni imkanlar yaradılacaq.
Layihə, yerli və milli qərarverici qurumların daha düzgün və dəlil əsaslı qərarlar verməsi, məişət zorakılığı üzrə siyasətlərin hazırlanmasına dəstək məqsədilə Azərbaycan üzrə daha dəqiq məlumatları toplamağa kömək edəcək yeni araşdırmalar aparacaq.
“Qadınlara və Qızlara dəstək olaq” layihəsi qadınlar üçün daha təhlükəsiz məkanların formalaşdırılması üçün ən son texnologiya vasitəsilə yeni tətbiq və platformaların yaradılması ilə innovasiyanın təbliğinə dəstək olacaq.
Həmçinin layihə, icma əsaslı təlimlərin və müvəkkillik kampaniyaların köməyi ilə qadınlara qarşı zorakılığın qarşısını almaq üçün davranışların və münasibətlərin dəyişməsi məsələləri üzrə də fəaliyyət göstərəcək.
Qadınlara və qızlara hər yerdə və hər zaman dəstək olmağın vaxtıdır.