...

"AZƏRTAC"ın İdarə Heyətinin sədri Aslan Aslanovun 70 yaşı tamam olur

Cəmiyyət Materials 18 Avqust 2021 12:19 (UTC +04:00)
"AZƏRTAC"ın İdarə Heyətinin sədri Aslan Aslanovun 70 yaşı tamam olur

Bakı. Çingiz Səfərli -Trend:

Bu gün Azərbaycan mətbuatında böyük xidmətləri olan Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist, Azərbaycan Dövlət İnformasiya Agentliyinin - "AZƏRTAC"ın İdarə Heyətinin sədri Aslan İsmayılovun 70 yaşı tamam olur.

Trend xəbər verir ki, ömrünün 40 ildən çoxunu Azərbaycan mərtbuatına həsr edən Aslan Aslanov 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub.

1975-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra əvvəl "Kommunist" qəzetində, 1992-ci ildən isə AzərTAc-da çalışıb. Burada müxbir kimi işə başlayan A.Aslanov sonra baş redaktorun müavini və baş redaktor vəzifələrinə yüksəlib. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə AzərTAc-ın baş direktorunun birinci müavini, 2002-ci ilin oktyabrında isə Ümummilli liderin Fərmanı ilə AzərTAc-ın baş direktoru təyin olunub.

1993-cü ildən 2002-ci ilədək Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xarici ölkələrə səfərlərinin tam əksəriyyətində AzərTAc-ın xüsusi müxbiri kimi iştirak eedən Aslan Aslanov ulu öndərin iştirak etdiyi tədbirdən hazırladığı ilk informasiyanı belə xatırlayır:

"1993-cü il iyunun 10-da bizi AZƏRTAC-ın rəhbərinin yanında iclasa dəvət etdilər. O vaxt mən işə təzəcə qəbul edilmiş müxbir idim. Qızğın müzakirə gedirdi: məlum olmuşdu ki, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olan Heydər Əliyev Bakıya gəlib və sabah Elmlər Akademiyasının Rəyasət Heyətində görüş keçirəcək. Qərara alındı ki, həmin görüşə fotomüxbir Oqtay Məmmədov və mən gedəcəyik.

İyunun 11-də Heydər Əliyev məşhur İsmailiyyə binasının qarşısında maşından çıxdı. Həmin günlərdə yəqin ki, Azərbaycanın taleyi həll olunurdu. Heydər Əliyev ABŞ-ın və Böyük Britaniyanın ölkəmizdəki səfirləri ilə, sonra Akademiyanın Rəyasət Heyətinin üzvləri ilə görüşlər keçirdi. Bu görüşlər xeyli davam etdi. Sonra ümummilli lider Türkiyənin Azərbaycandakı səfiri Altan Karamanoğlu ilə görüşmək üçün Türkiyə səfirliyinə yollandı. Heydər Əliyev səfirliyə gələndən sonra foyedə biz jurnalistlərlə qısa söhbət etdi. O, gözlənilmədən məndən soruşdu: “Sən hansı təşkilatdansan? Görürəm səhərdən bizimləsən”. AZƏRTAC-ın əməkdaşı olduğumu biləndə dedi: “Baxa bilərəmmi nə yazmısan?”. Mən həyəcanlı halda öz bloknotumu ona verdim. Birinci informasiyanın sərlövhəsi belə idi: “Görkəmli dövlət xadimi Heydər Əliyev Amerika və Böyük Britaniya səfirləri ilə görüşüb”. Heydər Əliyev bu başlığı oxuyub təbəssümlə soruşdu: “Elə bilirsən sənin rəhbərlərin bu xəbəri buraxacaqlar?”. Bu anda səfir foyeyə çıxdı və Heydər Əliyevi öz kabinetinə dəvət etdi.

O gündən 2003-cü ilədək Heydər Əliyevin respublikada keçirdiyi görüş, qəbul və iclasların əksəriyyətini işıqlandırmağı, həmçinin xarici səfərləri zamanı agentliyin müxbiri kimi onu müşayiət etməyi mənə tapşırırdılar. Xoşbəxtəm ki, Heydər Əliyevin dünyanın görkəmli dövlət xadimləri ilə bəzən iki-üç saat davam edən görüşlərinin demək olar ki, hamısında iştirak etmişəm. Bunu unutmaq olmaz. Həmin on il ərzində mən demək olar ki, çox böyük nüfuzlu bir universitet – Heydər Əliyev universitetini bitirdim".

Aslan Aslanov 2018-ci il martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Karyerası ərzində bir çox beynəxalq tədbirlərə, şura və təşkilatlara rəhbərlik edib.

Qeyd edək ki, Aslan Aslanov Azərbaycan jurnalistikasının inkişafına verdiyi töhfələrə görə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb, "Tərəqqi" medalı, "Vətənə xidmətə görə" ordeni, "Şöhrət" ordeni, "TÜRKSOY-un 20 illiyi" yubiley medalı, Həsən bəy Zərdabi, "Qızıl qələm", "Ali Media", "MDB-nin yubiley gümüş medalı", "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı, Rusiya Prezidentinin Fərmanı ilə “Dostluq” ordeni, Xarici İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Bakı Dövlət Universitetinin 100 illik yubiley medalları ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti