...

Qışda harada və neçəyə dincəlmək olar?

Cəmiyyət Materials 20 Noyabr 2021 09:34 (UTC +04:00)
Qışda harada və neçəyə dincəlmək olar?

Bakı. Fərid Zöhrabov - Trend:

Qış fəsli yaxınlaşır. "İstirahət üçün fəslin fərqi yoxdur", deyənlərin bu il daha çox daxili turizmə üz tutacaqları gözlənilir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən turizm eksperti Kənan Hənifəyev bildirib ki, bu qış vətəndaşlar istirahət etmək üçün qış turizm kurortları olan şimal və şimal qərb rayonlarımıza üz tutacaqlar: "Bu bölgələrə kütləvi turist axını Yeni il ərəfəsində nəzərdə tutulur. Turizm şirkətləri əsasən bir-iki günlük tur paketləri təqdim edirlər. Səyahət paketləri sorğular nəticəsində tələbata uyğun hazırlanır. Bir günlük turların qiymətləri 23-25 manatdan başlayır. Hazırda bu istiqamətdə turlar az-az baş tutur. Qar yağdıqdan sonra isə regionlara kütləvi turların baş tutacağını gözləyirik. İki günlük turlar isə 75 manatdan başlayır. Bura nəqliyyat, qidalanma, hoteldə qalma kimi xidmətlər daxildir. Regionlarda hotellərin özlərinin təklif etdiyi qiymətlər də var. Bu qiymətlər hotellərin ulduzuna və otaqların sayına görə dəyişir. Ortalama qiymət 80-120 manat civarında dəyişir", - turizm eksperti deyib.

Qız turizmi üçün xaricdə istirahətə gəldikdə isə K.Hənifəyev bildirib ki, hazırda belə turların sayı az olsa da, təşkil edilir:

"Vətəndaşlarımız qış istirahəti üçün xaricə də gedir. Lakin hazırda dünyada pandemiya davam etdiyindən xaricə istirahətə gedənlərin sayı azalıb. Hazırda bu turlar əsasən Naxçıvan ərazisindən keçməklə Türkiyə şəhərlərinədir. Belə turların qiyməti bir nəfər üçün 200-250 dollar civarında dəyişir və bir həftəlikdir. Bundan başqa Avropa ölkələrinə qrup turları da təşkil olunur. Pandemiya ilə əlaqədar səyahət qadağaları aradan qaldırılarsa, daha çox ölkəyə səfər baş tuta bilər", - K.Hənifəyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti