...

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun təhsil işçiləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 4 Fevral 2022 15:13 (UTC +04:00)
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun təhsil işçiləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Abşeron Rayon İcra Hakimiyyətində Abşeron rayonunun təhsil ictimaiyyəti ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirmişdir ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.
Çıxışında Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğunu, onun beynəlxalq standartlara uyğunlaşdırılması üçün son dövrlər ölkədə xeyli iş görüldüyünü, bu istiqamətdə həyata keçirilən hər bir islahatın ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablandığını qeyd edən Abdin Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq hər il təhsil ocaqlarının tikilməsinin, təhsilin maddi-texniki bazasının, infrastrukturunun yenilənməsinin, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsinin, təhsil işçilərinin müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılmasının təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, təhsil sahəsində görülən irimiqyaslı işlər, aparılan islahatlar təhsilimizin uğurlu gələcəyinə inamı artırır. Abdin Fərzəliyev çıxışında ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksək nailiyyətlərin əldə edildiyini, böyük uğurlara imza atıldığını, təkcə 2021-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə minlərlə təhsil müəssisəsinin, körpələr evi və uşaq bağçalarının tikildiyini və ya əsaslı təmir edildiyini nəzərə çatdırmışdır.

Abdin Fərzəliyevin çıxışında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində 760 təhsil işçisinın döyüşlərdə qəhrəmanlıqla vuruşduğu qeyd edilmiş, onlardan 20 nəfərin şəhidlik məqamına yüksəldiyi vurğulanmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Abşeron rayonundan 10 nəfər təhsil işçisinin Vətən müharibəsində döyüşlərdə iştirak etdiyini, onlardan Masazır qəsəbəsindəki 5 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Qoşqar Ömərovun şəhidlik zirvəsinə ucaldığını xüsusi olaraq qeyd etmişdir. Həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin perspektivdə birgə görəcəyi işlər barədə də məlumat verilmişdir.

Çıxışı zamanı Abdin Fərzəliyev Abşeron rayonunda yerləşən 43 ümumi təhsil müəssisəsi, 31 körpələr evi və uşaq bağçasının cari problemləri barədə məlumat vermiş, o cümlədən, görüşdə iştirak edən müəssisə rəhbərlərinin qeyd edilən problemlərin həlli istiqamətində təkliflərini dinləmişdir. Belə ki, O 2021-2022-ci tədris ili üzrə 2000 nəfər şagird tutumu olan Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə 6092 nəfər şagirdin, 1380 nəfər şagird tutumu olan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə 6177 nəfər şagirdin, 960 nəfər şagird tutumu olan Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə 3279 nəfər şagirdin, 640 nəfər şagird tutumu olan Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə 2024 nəfər şagirdin təhsil aldığını, o cümlədən, qeyd edilən ümumi təhsil müəssisəsinin əsaslı təmirə və yeni korpusunun tikintisinə, qəzalı vəziyyətdə olan Novxanı kənd 7 nömrəli körpələr evi və uşaq bağçasının əsaslı təmirə ehtiyacı olduğunu qeyd etmişdir. Çıxışında Abdin Fərzəliyev ümumi təhsil müəssisələri və körpələr evi və uşaq bağçalarındakı mövcud problemlərin həlli istiqamətində işlərin aparılacağını, şagird sıxlığının aradan qaldırılması üçün müvafiq addımların atılacağını Abşeron rayonunun təhsil ictimaiyyətinin nəzərinə çatdırmışdır.

Görüşdə 2 fevral - Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və dərin məzmunlu çıxışı, ölkə rəhbərinin çıxışında təhsilə, təhsilinin inkişafına böyük önəm verilməsi görüş iştirakçılarının nəzərinə çatdırılmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev təhsil işçilərinə bir daha müraciət edərək, müəllimlik peşəsinin şərəfli peşə olduğunu, gələcəyin layiqli vətəndaşlarının yetişdirilməsinin müəllimlərdən və onların yüksək peşəkarlığından asılı olduğunu vurğulamışdır.

Daha sonra Abşeron Rayon Təhsil Şöbəsinin (Abşeron-Xızı Regional Təhsil İdarəsi) müdiri səlahiyyətlərini icra edən Pərviz Əhmədov çıxış edərək Abşeron rayonunda fəaliyyət göstərən təhsil və məktəbəqədər tərbiyə müəssisələrinin vəziyyəti barədə məlumat vermişdir.

Görüşdə əsaslı təmirə ehtiyacı olan bir sıra ümumtəhsil müəssisələrinin, körpələr evi-uşaq bağçalarının rəhbərlərinin çıxışları dinlənilmişdir.

Sonda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun təhsil işçilərinə şərəfli və məsul fəaliyyətlərində yeni-yeni uğurlar arzulayaraq, müəllimlər ordusunun gələcəyin layiqli vətəndaşlarının yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcəklərinə əminliyini bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti