Bakı. Trend:
Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Tofiq Musayev bu gün etimadnaməsini təşkilatın Baş katibi Antonio Quterreşə təqdim edib.
Trend xəbər verir ki, görüş zamanı Tofiq Musayev Azərbaycana son səfərlərinə və Bakıda İqlim Sammitinin uğur qazanmasında əvəzsiz roluna görə Baş katibə təşəkkürünü bildirib. Daimi nümayəndə Azərbaycanın BMT-yə davamlı dəstəyini və təşkilatın məqsəd və prinsiplərinə uzunmüddətli sadiqliyini qeyd edib.
O, həmçinin Azərbaycanın sülh və ədalətin təşviqinə, beynəlxalq hüququn möhkəmləndirilməsinə, çoxtərəflilik prinsipinin təbliğinə və dayanıqlı inkişaf gündəliyinin həyata keçirilməsinə öz töhfəsini verməyə davam etmək əzmini vurğulayıb.