...

Neftçi gənclər bayramlarını nəsillər arası təntənəyə çevirdilər (FOTO)

Cəmiyyət Materials 4 Fevral 2025 19:50 (UTC +04:00)
Neftçi gənclər bayramlarını nəsillər arası təntənəyə çevirdilər (FOTO)

Bakı. Trend:

2 fevral-Gənclər Günü ilə bağlı Bakı Gənclər Evində “Neftçi Gənclər -Enerji Katalizatorları” adlı tədbir nəsillər arası təntənəyə çevrildi.

Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən “Surakhani Oil”, “Balakhani Operating Company LTD” və “Azgerneft” şirkətlərinin Həmkarlar İttifaqı Komitələrinin gənc işçiləri üçün keçirdiyi bayram tədbirində səhnədə müxtəlif nəsillərin nümayəndələri söz alaraq, hasilat sahəsində daim gənclərə məxsus həvəs, cəsarətlə çalışaraq işlədikləri torpağı öyrənib, onun qeydinə qalmalı olduqlarını vurğuladılar.

“Mən, təhsilimi bitirdikdən sonra karyerama dərhal Balaxanıda başlamışam. Geoloq vəzifəsindən, şirkətimizin mənə göstərdiyi etimad və dəstək nəticəsində, Geoloji Fondun rəhbəri vəzifəsinə qədər yüksəlmişəm”, deyən “Balakhani Operating Company LTD”-nin gənc əməkdaşı Gülbahar Məmmədova işində tətbiq etdiyi innovasiyalardan danışıb. O, vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti həmyaşıdlarına Azərbaycanı daha böyük uğurlara aparmaq üçün geniş imkanlar yaradır.

Hasilat şirkətlərində işləyən gənclərə təbrik ünvanlayan “Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev isə çalışdıqları şirkətlərin hesabına ikinci ali təhsil alan 50-yə yaxın gənci nümunə gətirərək bildirib ki, onların peşəkar inkişafına edilən yatırımlar özünü doğruldur. O, əlavə edib: “ Sabiq Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan böyük ictimai-siyasi çətinliklərdən keçdi. Bilirsiniz ki, belə dönəmlərdə gənclər arasında ümidsizlik, ziyanlı vərdişlərin əmələ gəlməsi təhlükəsi olur. Amma biz çox şanslı idik ki, əvvəl Naxçıvana, daha sonra isə xalqın tələbi ilə Bakıya hakimiyyət başına qayıdan Ümummilli Lider Heydər Əliyev gənclər siyasətini dərhal prioritetə çevirdi, gənclərə aid bir-birinin ardınca miqyaslı dövlət proqramlarının həyata keçirilməsini tapşırdı. Onun bizə müraciətdə dediyi, “gənclər hər bir millətin həm bu günüdür, həm də sabahıdır, ümididir” sözləri hələ də mənim qulağımdadır. Cənab Prezident gənclər siyasətini daha böyük Dövlət Proqramları ilə davam edir. Bu proqramların təmin olunmasında bizim sizinlə çalışdığımız neft sektorunun vacib töhfəsi var”.

Daha sonra “Azgerneft”, “Surakhani Oil”, “Balakhani Operating Company LTD” şirkətlərinin bir qrup gənc əməkdaşlarına çalışdıqları vəzifələrdə fərqləndiklərinə görə təltifnamə və hədiyyələr təqdim edilib.

Bayram tədbiri həmkarları tərəfindən “ən gənc ruhlu” adlandırılan Prezident təqaüdçüsü, əməkdar mühəndis Telman Cəfərovun 80 illik yubileyinin qeyd edilməsi ilə yekunlaşıb. Karyerasının ilk illərində işlədiyi məkanda ana dilində danışmağa belə imkanın yaradılmadığını xatırlayan Telman Cəfərov müstəqil və güclü Azərbaycan dövlətinin neft sektorunun milli insan kapitalının müasir təhsilli gənclər hesabına genişləndiyini fəxrlə bildirib.

Neftçi gənclərin bayramında Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi Habil Məmmədov və tələbələri “Dəşti təsnifi”, “Bayatı şiraz təsnifi” və Azərbaycan xalq mahnılarından ibarət konsert proqramı ilə çıxış ediblər.

Neftçilərin tədbirində uzun müddət gənclər siyasəti ilə məşğul olmuş, hazırda Suraxanı rayon İcra hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin üzvləri Qaya Məmmədov, Vüqar Rəhimzadə, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, media üzvləri də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti